ELM VƏ TƏHSİL
Bakının daha iki rayonu üzrə “Məktəb seminarları” təşkil edilib
Bakı, 5 mart, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən keçirilən “Məktəb seminarları”nın növbəti sessiyaları Xəzər və Pirallahı rayonlarının ümumtəhsil müəssisələrini əhatə edib.
BŞTİ-dən AZƏRTAC-a bildirilib ki, sessiyalarda müvafiq struktur bölmə rəhbərləri, Təlimə Dəstək Mərkəzinin (TDM) nümayəndələri, məktəb direktorları, təlim-tərbiyə və təşkilati işlər üzrə direktor müavinləri, psixoloqlar, kitabxanaçılar, uşaq birliyi rəhbərləri, metodbirləşmə sədrləri, fənn müəllimləri və məktəb saytlarını idarə edən şəxslər iştirak ediblər.
Məktəb direktorları üçün keçirilən sessiyada çıxış edən BŞTİ-nin müdiri Rəşad Tağıyev “Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə” təhsil nazirinin əmrinin icrasını təmin etmək məqsədilə “Ümumi təhsildə keyfiyyət ili” ilə əlaqədar həyata keçirilən inkişafyönümlü tədbirlərdən, paytaxt təhsilinin inkişafı istiqamətində əldə olunan uğurlardan və qarşıda duran vəzifələrdən bəhs edib.
R.Tağıyev “Məktəb seminarları” layihəsinin əhəmiyyətindən və müzakirə olunan məsələlərin nəticələrindən də danışıb.
Müxtəlif sessiyalarda rayonlar üzrə məktəblərin keyfiyyət göstəriciləri, məktəbdaxili qiymətləndirmə işinin təşkili, I sinfə qəbul, məktəbəhazırlığın təşkili, keyfiyyətə nəzarət işi, təlim keyfiyyətinin artırılması istiqamətində səmərəli yanaşmalar, ictimaiyyətlə əlaqələr, təhsil müəssisələrinin uğurlarının daha dolğun təbliği və digər müvafiq mövzularda çıxışlar olub, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Qruplar şəklində ayrı-ayrılıqda təşkil olunan sessiyalarda ümumtəhsil müəssisələrində təlim-tərbiyə prosesinin təşkili, məktəbdaxili metodiki işə nəzarət, məktəbdənkənar təhsilin mövcud ehtiyaclar əsasında düzgün qurulması, sosial layihə və fəaliyyətlərin planlaşdırılması, şagirdlərlə psixoloji xidmətin düzgün təşkili, müəllim-şagird-valideyn münasibətlərinin tənzimlənməsi məsələləri də müzakirə olunub.
Həmçinin “Məktəb seminarları” layihəsi çərçivəsində idarənin ictimaiyyətlə əlaqələr sektorunun əməkdaşları tərəfindən məktəb saytlarını idarə edən şəxslər üçün saytların daha da təkmilləşdirilməsi və fəaliyyətinin səmərəliliyinin artırılması, təhsil müəssisələrinin həyatındakı yeniliklərin ictimaiyyətə daha operativ çatdırılmasının təmin olunması ilə bağlı təlimlər keçirilib.
Sessiyalarda qeyd olunan məsələlərlə bağlı təklif və tövsiyələr səsləndirilib. Müvafiq məsələlər ətrafında müzakirələr aparılıb.