ELM VƏ TƏHSİL
Bakının erməni daşnaklarından azad edilməsində iştirak edən polkovnik Cəmil Cahid Toydəmir kim olub?
Bakı, 16 fevral, AZƏRTAC
Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyi ilə əlaqədar “Azərbaycanca Vikipediya”da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) təlim iştirakçıları tərəfindən AXC-nin tanınmış şəxsiyyətləri haqqında məqalələr yaradılır, onlar barədə yarımçıq qalmış məlumatlar redaktə edilir.
MEK-dən AZƏRTAC-a bildiriblər ki, “Azərbaycanca Vikipediya”da Bakının erməni daşnaklarından azad olunmasında böyük xidmətlər göstərmiş, Qafqaz İslam Ordusunun cənub qrupu birliklərinin polkovniki Cəmil Cahid Toydəmir haqqında məqalə əsaslı redaktə olunaraq oxucuların istifadəsinə verilib.
Məqalə ilə https://az.wikipedia.org/wiki/C%C9%99mil_Cahid_Toyd%C9%99mir linkində tanış olmaq mümkündür.
Cəmil Cahid Toydəmir 1918-ci ildə Met Yusuf İzzət paşanın əmrində tümən komandiri olaraq Qafqaza gəlib. Bakının erməni daşnaklarından azad olunması üçün Bakıya gələn Qafqaz İslam Ordusunun cənub qrupu birliklərinə polkovnik Cəmil Cahid bəy başçılıq edib. Onun rəhbəri olduğu birlik 1918-ci ildə Novxanı, Goradil, Pirşağı, Kürdəxanı və Fatmayı kəndlərinin, ümumilikdə Bakının erməni daşnaklarından azad olunmasında böyük xidmətlər göstərib.
Cəmil Cahid Toydəmir 1883-cü ildə İstanbulda doğulub. O, 1946-1947-ci illərdə Türkiyənin müdafiə naziri olub. 1956-cı ildə İstanbulda dünyasını dəyişib.