MƏDƏNİYYƏT
Bakının mərkəzində “Səadət Sarayı” adı ilə tanınan qədim binada aparılan əsaslı təmir-bərpa işləri yekunlaşmaq üzrədir
Bakı, 24 oktyabr (AZƏRTAC). Gənclər və İdman Nazirliyinin sifarişi ilə “Creacon Construction” şirkəti tərəfindən əsaslı təmir və bərpa edilən Murtuza Muxtarov və Əhməd Cavad küçələrinin kəsişməsində yerləşən “Səadət Sarayı” cari ilin sonunadək istifadəyə veriləcəkdir.
AZƏRTAC xəbər verir ki, oktyabrın 24-də bir qrup KİV təmsilçisi qədim binada aparılan işlərlə yaxından tanış olmuşlar.
Məlumat verilmişdir ki, bu bina məşhur milyonçu Murtuza Muxtarov tərəfindən XX əsrin əvvəllərində tikilmişdir. Həyat yoldaşı Liza Tuqanova ilə birgə tez-tez Avropa ölkələrinə səyahətə çıxan və belə səyahətlərdən birində xanımının Venesiyada gördüyü bir saraya olan heyranlığını izləyən M.Muxtarov bu binanın bənzərini Bakıda tikdirmək qərarına gəlir. Sarayı polyak mənşəli arxitektor İosif Poloşko layihələndirir, tikintini isə Qasımov qardaşları həyata keçirir. Bina fransız qotik üslubunda inşa edilmiş, daxili interyeri isə 3 müxtəlif üsluba malikdir - klassik, qotik və rokokodan ibarətdir. Bina Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli qərarı ilə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidəsi kimi qorunur.
“Səadət Sarayı”nda aparılan təmir-bərpa işləri ilə bağlı məlumat verən “Creacon Construction” şirkətinin prezidenti Deyan Çvetkoviç və “LVL Studios” şirkətinin nümayəndəsi dizayner-arxitektor Luçio Kaprara bildirmişlər ki, binanın cari ilin sonunadək təhvil verilməsi nəzərdə tutulmuşdur.
Binanın qərəzli olması, həmçinin yenidən planlaşdırılması və fəaliyyət profilinin dəyişməsi səbəbindən, sarayın bütövlükdə restavrasiyasına və rekonstruksiyasına zərurət yaranmışdır. Başlıca məqsəd müasir metodlardan istifadə etməklə binanın xarici görkəmini və konstruksiyasını əsaslı şəkildə təmir və bərpa etmək, interyerin bütün mövcud bəzək elementlərini orijinal görkəminə qaytarmaq, mövcud elementlər və tarixi məlumatlar əsasında isə yeni elementlər hazırlamaqdır.
Təmir-bərpa işləri zamanı binanın fəsadı bütünlüklə əl ilə təmizlənmişdir. Daşın və bəzək elementlərinin zədələnməməsi məqsədi ilə elektrik-mexaniki üsuldan istifadə edilməmişdir. Qırılmış elementlər, bəzək elementləri yeniləri ilə əvəz olunmuş, çatlar bərpa edilmiş, zədələnmiş lövhələr təzələnmiş və bütün fəsad daşları müxtəlif hava şəraitinin təsirindən müdafiə olunmuşdur. Binanın bütün tavanı sökülmüş, yeni tavan hazırlanmışdır. İşıqlandırma məqsədi ilə binanın fəsadına 264 ədəd xüsusi çıraq-projektorlar quraşdırılacaqdır. Bu məqsədlə kabellərin çəkilişi artıq həyata keçirilmişdir.
İş icraçıları demişlər ki, binanın konstruksiyası bütövlükdə xüsusi damper sistemi ilə möhkəmləndirilmiş və 9 bal gücündə zəlzələyə davamlı hala gətirilmişdir.
Vurğulanmışdır ki, bina təyinatına görə yenidən planlaşdırılmış və 2 hissəyə ayrılmışdır. Birinci hissəsində işgüzar görüş evi, ikinci hissəsində isə VVAQ fəaliyyət göstərəcəkdir. Təmir və bərpa işləri həyata keçirilərkən binanın interyerində boya qatları yenidən ilkin vəziyyətinə qaytarılmışdır. Divan və tavanlardakı bəzək elementləri bərpa edilmiş, korlanmış elementlər mövcud nümunələr əsasında bərpa edilmiş və yekun olaraq 5 müxtəlif rəngdə boya və qızıl boya ilə boyanmışdır.
“Səadət Sarayı”nda görülmüş işlərlə yaxından tanış olan KİV təmsilçilərini maraqlandıran suallar cavablandırılmışdır.