İQTİSADİYYAT
Bakının piyadayönümlü şəhər olması istiqamətində görülən işlərə dair müzakirələr aparılıb
Bakı, 28 noyabr, AZƏRTAC
“Yol hərəkəti qaydalarını öyrənək və öyrədək” layihəsinin iştirakçılarına Bakının piyadayönümlü şəhər olması istiqamətində görülən işlərdən danışılıb.
Bakı Nəqliyyat Agentliyindən (BNA) AZƏRTAC-a bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının BNA ilə birgə təşkil etdiyi qrant müsabiqəsi çərçivəsində Azərbaycan Könüllülər İctimai Birliyi tərəfindən “Yol hərəkəti qaydalarını öyrənək və öyrədək” layihəsi uğurla davam edir.
Layihənin icra planına uyğun olaraq ekspert qismində Bakı Nəqliyyat Agentliyinin nümayəndələri Hüseyn Abdullayev və Nahid Quliyevin iştirakı ilə “Əlçatan və dayanıqlı şəhər” mövzusunda onlayn görüş zamanı 30 layihə iştirakçısına “Dayanıqlı şəhər nəqliyyatının 10 prinsipi” adlı təqdimat keçirilib. İştirakçılara müasir şəhər mobilliyinin prinsiplərini və paytaxt Bakının piyadayönümlü, əlçatan və dayanıqlı şəhər olması istiqamətində BNA-nın həyata keçirdiyi işlər və yaxın gələcəkdə planladığı fəaliyyətlər barədə ətraflı məlumat verilib.
Həmçinin perspektivdə şəxsi nəqliyyat vasitələrindən istifadənin azaldılması, bunun nəticəsində əldə olunan üstünlüklər və daha dayanıqlı nəqliyyat növlərinə keçilməsi gənclər arasında təşviq edilib. Görüşün sonunda müzakirələr aparılıb və iştirakçıların sualları cavablandırılıb.
Qeyd edək ki, noyabr ayının sonuna qədər davam edəcək layihənin icrasının başlıca məqsədi gənclərin yol hərəkəti qaydalarına dair bilik və bacarıqlarının artırılması, onlara təhlükəsiz davranış vərdişlərinin aşılanması, intellektual idarəetmə sistemi haqqında ətraflı məlumat verərək bu istiqamətdə nəzəri və praktiki biliklərin verilməsi, cəmiyyətdə sürücülük mədəniyyətinin səviyyəsini yüksəltmək və yol təhlükəsizliyin təmin olunmasında məlumatlılığın artırılmasından ibarətdir.