SİYASƏT


Bakının sürətlə inkişaf edən və müasirləşən ən gənc rayonu – Pirallahı VİDEO

Bakı, 9 avqust, AZƏRTAC

Son illərdə Azərbaycan sürətlə inkişaf edərək bütün sahələrdə böyük uğurlar qazanıb. Prezident İlham Əliyevin təsdiq etdiyi müvafiq Dövlət Proqramlarına əsasən Bakı şəhəri və onun rayonları, o cümlədən Pirallahı rayonu böyük inkişaf yolu keçib. Pirallahı paytaxtın ən gənc rayonu olmasına baxmayaraq, ölkə rəhbərliyinin diqqət və qayğısı nəticəsində Bakı rayonları arasında öz layiqli yerini tutub. Dövlətimizin başçısının dediyi kimi, Pirallahının siması dəyişib və o, bu gün Bakının ən qabaqcıl rayonlarından birinə çevrilib.

AZƏRTAC xəbər verir ki, 2019-cu ilin 6 ayı ərzində Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə rayonda çoxsaylı sənaye müəssisələrinin, müxtəlif təyinatlı sosial obyektlərin açılış mərasimləri keçirilib, genişmiqyaslı abadlıq-quruculuq işləri görülüb. Rayonun inzibati mərkəzi olan Pirallahı qəsəbəsinin “Baş Planı” hazırlanıb. Qəsəbədə dövlət mənzil fonduna aid 270-dən çox yaşayış binası əsaslı təmir olunub.

Azərbaycan Prezidentinin 2017-ci il 1 avqust tarixli Sərəncamına uyğun olaraq müvafiq komissiya tərəfindən rayon ərazisində qeydiyyata alınmış 369 qəzalı binada yaşayan 5181 nəfərdən ibarət 1510 ailənin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə rayon mərkəzində ayrılmış 6,5 hektar ərazidə 28 çoxmərtəbəli binadan ibarət 807 mənzilli yeni yaşayış kompleksi inşa edilir. Kompleksə 340 şagird-yerlik bir məktəb binası, 120 yerlik iki uşaq bağçası, 3 idman meydançası və velosiped zolağı daxildir. İlkin mərhələdə biri 9, ikisi 6 mərtəbəli olmaqla 114 mənzildən ibarət 3 binanın tikintisi başa çatdırılıb. Kompleksə daxil olan 6 binada isə tikinti-quraşdırma işləri davam etdirilir. Tikintidə 200 nəfər işlə təmin olunub.

Qəsəbədə əhali üçün digər yeni iş yerləri də açılıb. Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən rayon ərazisində yaradılmış Pirallahı Sənaye Parkında “Diamed” şpris istehsalı zavodu işə salınıb. Burada 150 iş yeri var. Zavodun istehsal etdiyi məhsullar nəinki yerli tələbatı ödəyəcək, eyni zamanda Rusiya, Gürcüstan, İran və Orta Asiya ölkələrinə ixrac ediləcək.

Bundan başqa, Pirallahı adasının girişində təməli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qoyulmuş “Nərəkənd” balıqyetişdirmə kompleksinin qapalı tipli istehsal sexləri inşa olunub. Kompleksin ümumi sahəsi 6 hektar, inşa olunan qapalı tipli istehsal sexlərinin sahəsi isə 6560 kvadrat metrdir. İlkin mərhələdə sexlərin illik istehsal gücü 75 ton nərə, 25 ton çökə əti və 4 ton qara kürüdən ibarət olacaq. Burada 30 iş yerinin açılması nəzərdə tutulur və perspektivdə yerlərin sayı 70-ə çatdırılacaq. Kompleks çərçivəsində açıq tipli ferma, mehmanxana, yaxtklub və kotteclər layihələndirilib.

Azərbaycan Prezidentinin müvafiq sərəncamlarına əsasən Pirallahı rayonunda Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin iki pilot layihəsi reallaşdırılıb. Sosial müdafiəyə ehtiyacı olan ailələrin və uşaqların sosial xidmətlərə çıxışının təmin edilməsi məqsədilə “Pirallahı Uşaq Günərzi və Reabilitasiya Mərkəzi” inşa olunub. Mərkəzdə gündə 50 uşağa qayğı, 50 uşağa isə reabilitasiya xidmətləri göstəriləcək. Bundan başqa “Ahılların Günərzi Mərkəzi” kimi fəaliyyət göstərməsi nəzərdə tutulan və sahəsi 347 kvadratmetr olan kafe inşa edilib. Burada hər gün sosial yardıma ehtiyacı olan 50 ahıl növbəlilik əsasında pulsuz xidmətlərdən istifadə edə biləcək. Kafenin qarşısında “ASAN xidmət”in “Ailə Biznesinə Asan Dəstək” proqramı çərçivəsində açıq səma altında Qarabağ müharibəsi əlillərinin rəsm əsərlərindən və müxtəlif səpkidə dekorativ əl işlərindən ibarət sərgi təşkil olunub və həmin işlər rayon icra hakimiyyəti tərəfindən satın alınıb.

Bir neçə gün əvvəl Pirallahıda Prezident İlham Əliyevin iştirakı ilə Rayon İcra Hakimiyyətinin, Gənclər Mərkəzinin, YAP Pirallahı Rayon Təşkilatının yeni inzibati binaları istifadəyə verildi. Eyni zamanda, rayon sakinlərinin istirahəti üçün “Mirvari” Park Kompleksinin açılışı oldu. Parkda uşaqlar üçün mini futbol və iki oyun meydançası yaradılıb, müxtəlif əyləncə və idman qurğuları, söhbətgahlar və oturacaqlar, fəvvarə və rayon tədbirlərinin keçirilməsi üçün səhnə quraşdırılıb. Parkın kənarına dekorativ hasar çəkilib, 1000-dən çox ağac və gül-çiçək əkilib.

Pirallahı qəsəbə sakinləri Həsən Niftəliyev, Asif Balakişiyev, Məhəmməd Fərzəliyev AZƏRTAC-ın müxbirinə bildirdilər ki, park kompleksin yerləşdiyi ərazi vaxtilə baxımsız və tullantıların toplandığı yer idi. Qəsəbə daxilində aparılan quruculuq işlərindən sonra ərazi tullantılardan təmizlənərək sakinlərin istirahəti üçün gözəl guşəyə çevrilib. Sakinlər dedilər ki, onlar əvvəllər istirahət etmək üçün ətraf qəsəbələrin parklarına və Bakının mərkəzinə getməli olurdular. İndi isə buna ehtiyac qalmayıb.

Bu və digər layihələrin reallaşması bir daha sübut edir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Onların sosial məsələlərinin həlli, əhalinin rifahının, o cümlədən mənzil-məişət şəraitinin yaxşılaşdırılması daim diqqət mərkəzindədir. Pirallahı rayonunda icra olunan genişmiqyaslı infrastruktur layihələrinə, yeni iş yerlərinin açılmasına, ümumilikdə rayona göstərilən diqqət və qayğıya görə sakinlər Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildirirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.