CƏMİYYƏT
Bakının yaşıllaşdırılması strategiyası barədə düşünməyin vaxtıdır
Bakı, 27 noyabr, Əziz Məmmədov, AZƏRTAC
Bakının yaşıllaşdırılması strategiyası barədə düşünməyin vaxtıdır. İlk növbədə, yaşıl əkmələrin kadastrı yaradılmalıdır. Bundan əlavə, həyətlərin daxilində kiçik bağlar salınması və küçələrin sıxyarpaqlı ağaclarla yaşıllaşdırılması təcrübəsini bərpa etmək lazımdır. Şəhərdə yeni obyektlər inşa edilərkən yaşıl əkmələr üçün yer saxlanması da vacib qaydadır.
Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov bu fikirləri AZƏRTAC-a verdiyi eksklüziv müsahibədə söyləyib. O qeyd edib ki, bizim regionun özünəməxsus iqlim şəraiti heç də bütün bitki növləri üçün səciyyəvi deyildir.
T.Zeynalov deyib: “Bizim iqlim şəraiti şam, çinar, akasiya ağacları üçün münasibdir, palma ağaclarını isə yalnız dendrarilərdə, bitkilərin estetik müxtəlifliyi məqsədilə, gözəllik üçün əkmək olar. Lakin bizim iqlim şəraiti üçün daha münasib olan ağacların kəsilərək onların yerində palma və dekorativ ağacların əkilməsi yolverilməzdir. Ona görə ki, bu halda Abşeron yarımadasının iqlim şəraiti pozulur.
Yaşıllıqlar şəhərin havasını tozdan və qazlardan təmizləyir. Çirkli hava axını yaşıl massivlə qarşılaşdıqda həmin axının sürəti azalır, nəticədə ağırlıq qüvvəsinin təsiri ilə havadakı tozun 60-70 faizi ağaclar və kollar üzərinə çökür. Tozun da müəyyən hissəsi ağacların gövdələri, budaqları və yarpaqları ilə qarşılaşanda hava axınından çıxır. Tozun xeyli hissəsi yarpaqların, budaqların, gövdələrin səthində çöküb qalır. Yağış yağanda bu toz yuyulur. Yaşıllıqlar havadakı qazların zərərli konsentrasiyasını da azaldır.
Bir sözlə, yaşıllıqlar Bakının atmosferini oksigenlə təmin edən ağciyər funksiyasını yerinə yetirir. Buna görə də yeni parklar salınmasını yalnız alqışlamaq olar, lakin eyni zamanda biz hamımız əlbir olub köhnə parkları da qoruyub saxlamalıyıq”.