İQTİSADİYYAT
Bakıxanov qəsəbəsində Sülh küçəsinin əsaslı şəkildə təmiri yekunlaşır
Bakı, 11 aprel, AZƏRTAC
Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində 2022-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, Sabunçu rayonunun Bakıxanov qəsəbəsində 590 metr uzunluğa malik Sülh küçəsinin əsaslı təmiri işləri yekunlaşmaq üzrədir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, aparılan təmir işləri çərçivəsində Sülh küçəsi boyunca səth sularının normal kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya sistemi bərpa olunaraq işlək vəziyyətə gətirilib. Bununla yanaşı, zəruri yerlərdə piyada səkiləri bərpa olunub, köhnə səki daşları 2300 poqonometr uzunluğunda yeni səki daşları ilə əvəzlənib.
Hazırda küçəyə “İnşaat Norma və Qaydaları”na uyğun olaraq 2 laydan ibarət yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur. Bu işlər 11 min kvadratmetrdən çox sahəni əhatə edir.
Daha sonra avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi üçün üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılacaq, zəruri yerlərdə yol nişanları quraşdırılacaq, mümkün ərazilərdə parkinq yerləri təşkil ediləcək və yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması işləri icra olunmaqla küçə müasir görkəmdə vətəndaşların istifadəsinə veriləcək.
Bütün işlər tərtib olunmuş qrafikə uyğun şəkildə aparılır. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.
Qeyd edilib ki, Sabunçu rayonunun Bakıxanov qəsəbəsi üzrə təmirə ehtiyacı olan və ümumi uzunluğu 5,8 kilometr təşkil edən 6 küçədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən təmir işlərinə başlanıb.
Agentlik tərəfindən 2021-ci ildə Sabunçu rayonu ərazisində ümumi uzunluğu 9 kilometr təşkil edən küçə təmir edilib.