İQTİSADİYYAT
Bakıxanov qəsəbəsinin Bəşir Bünyadov küçəsi təmir edilir VİDEO
Bakı, 26 iyul, AZƏRTAC
Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində 2021-ci ilin İnvestisiya Proqramına uyğun olaraq, Sabunçu rayonu üzrə təmirə ehtiyacı olan və ümumi uzunluğu 9 kilometr təşkil edən qəsəbədaxili küçə və yollarda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən təmir-tikinti işləri aparılır. Rayonun Ramana qəsəbəsinin Mərkəzi küçəsində uzunluğu 700, eni isə 9 metr olan təmir-tikinti işləri artıq yekunlaşıb.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, hazırda Bakıxanov qəsəbəsində 3,1 kilometr uzunluğa malik, ortalama eni 14 metr təşkil edən Bəşir Bünyadov küçəsinin təmiri davam etdirilir.
Təmir işləri çərçivəsində küçəboyu köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb. Frezlənmiş əraziyə əlaqələndirici bitum səpilməklə yeni asfalt-beton örtüyü döşənib. Küçəboyu səth sularının normal kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya sistemi də bərpa olunaraq işlək vəziyyətə gətirilib, yeraltı kommunikasiya xətlərinə yeni baxış qapaqları qoyulub. Bununla yanaşı, zəruri yerlərdə piyada səkiləri bərpa olunub, köhnə səki daşları yenisi ilə əvəz edilib. “İnşaat Norma və Qaydaları”na uyğun olaraq küçəyə yeni asfalt-beton örtüyünün döşənməsi işləri görülür. Artıq küçənin 2 kilometrlik hissəsinə asfalt-beton örtüyü döşənib.
Sonuncu mərhələdə üfüqi nişanlanma xətlərinin çəkilişi işlərinin aparılması nəzərdə tutulur. Sözügedən küçədə işlərin yekunlaşmasına uyğun olaraq, qəsəbənin 3,2 kilometr uzunluğa malik Nazim İsmayılov küçəsinin də əsaslı şəkildə təmiri aparılacaq.
Hazırda Sabunçu rayonu üzrə analoji təmir-tikinti işləri Bilgəh qəsəbəsinin hər birinin uzunluğu 1 kilometr təşkil edən Əliağa Ağayev və Rəsul Rza küçələrində də icra olunur. Həmin küçələr vətəndaşların əsas istifadə etdiyi ərazilər olduğu üçün təmir-bərpa işlərinin aparılması gediş-gəlişin rahatlaşmasına, sərnişindaşımanın daha da asanlaşmasına gətirib çıxarır. Bütün işlər qrafikə uyğun şəkildə aparılır. İşlərin vaxtında yekunlaşdırılması üçün ərazilərə lazımi sayda canlı qüvvə və texnika cəlb edilir.
Növbəti Sərəncam və İnvestisiya Proqramları çərçivəsində rayon üzrə digər küçə və yollarda da təmir işlərinin aparılması planlaşdırılır. Prezident İlham Əliyevin Sərəncam və tapşırıqları əsasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2019-2020-ci illərdə Sabunçu rayonunun qəsəbələrini əhatə edən ümumi uzunluğu 200 kilometrdən çox olan küçə və yola asfalt-beton örtüyü döşənib.