İQTİSADİYYAT


Bakıxanov qəsəbəsinin Oskar Əfəndiyev küçəsinin əsaslı şəkildə təmiri yekunlaşıb VİDEO

Bakı, 6 may, AZƏRTAC

Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində 2022-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində 1500 metr uzunluğa malik Oskar Əfəndiyev küçəsinin əsaslı şəkildə təmiri yekunlaşıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, aparılan təmir işləri çərçivəsində Oskar Əfəndiyev küçəsi boyunca köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, səth sularının normal kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya sistemi bərpa olunaraq işlək vəziyyətə gətirilib. Bununla yanaşı zəruri olan yerlərdə piyada səkiləri bərpa olunub, köhnə səki daşları 4664 p/metr uzunluğunda yeni səki daşları ilə əvəz edilib. Küçəyə “İnşaat Norma və Qaydaları”na uyğun olaraq yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunub. Bu işlər 17 min kvadratmetrdən çox sahəni əhatə edib.

Daha sonra avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi üçün üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılıb, zəruri yerlərdə yol nişanları quraşdırılıb, mümkün ərazilərdə parkinq yerləri təşkil edilib və yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması işləri icra olunub. Yaxın günlərdə piyada zolaqları çəkilməklə küçə müasir görkəmdə tam olaraq vətəndaşların istifadəsinə veriləcək.

Hazırda analoji təmir işləri qəsəbə üzrə uzunluğu 600 metr, eni isə 12 metr təşkil edən Ruhulla Axundov küçəsində də son mərhələdə olmaqla icra edilir. Bundan başqa Əşrəf Yunusov, Ramiz Qəmbərov və Şamil Kamilov küçələrində də təmir işləri aparılır.

Qeyd edək ki, cari ilin “İnvestisiya proqramı”na əsasən Sabunçu rayonu ərazisində Bakıxanov qəsəbəsi də daxil olmaqla 5 qəsəbə üzrə ümumi uzunluğu 12,7 kilometr olan küçə və yolların təmiri nəzərdə tutulub.

Agentlik tərəfindən 2021-ci ildə Sabunçu rayonu ərazisində ümumi uzunluğu 9 kilometr təşkil edən küçələr təmir edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.