CƏMİYYƏT
Bakıya 458 yeni lift gətirilib
Bakı, 1 noyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bakı şəhərində çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı imzaladığı müvafiq Sərəncamın icrası ilə əlaqədar Bakı Şəhər “Lifttəmir” İstehsalat Birliyi tərəfindən bu sahədə çox böyük təcrübəsi olan və geniş texniki imkanlara malik Almaniya Federativ Respublikasının Wittur Holding GMBH şirkəti ilə müqavilə imzalanıb.
Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, “Alov qüllələri” kompleksində Bakı Şəhər “Lifttəmir” İstehsalat Birliyinin, Almaniyanın “Wittur Holding GMBH” şirkətinin, həmçinin Azərbaycanın bir sıra tanınmış şirkət və kompaniyalarının rəhbərlərinin iştirakı ilə təqdimat mərasimi, Bakıda yeni liftlərin quraşdırılmasının bu günə olan vəziyyəti, bu istiqamətdə gələcəkdə görüləcək işlərə həsr olunmuş tədbir keçirilib.
Təqdimat mərasimində əvvəlcə “Wittur” şirkətinin Qlobal satış şöbəsinin rəhbəri Ahmet Örs, marketinq üzrə direktoru Gerd İmbuş, digər rəsmi şəxslər şirkət, onun məhsulları, biznes tərəfdaşları, müxtəlif ölkələrdə, o cümlədən Azərbaycanda həyata keçirdiyi layihələr barədə məlumat veriblər. Sonra videoçarx nümayiş etdirilib.
“Lifttəmir” İstehsalat Birliyinin rəhbəri Xalid Ələkbərov, şirkətin marketinq üzrə direktoru Gerd İmbuş və Avropa satış şöbəsinin rəhbəri Ralf Hunter şirkətin Bakıda həyata keçirdiyi layihə müzakirə olunub, paytaxtda yeni liftlərin quraşdırılmasının vəziyyəti və gələcəkdə bu istiqamətdə görüləcək işlər barədə ətraflı məlumat veriblər.
Bildirilib ki, imzalanmıış müqavilə əsasında bu il 542 liftin Bakıya gətirilməsi nəzərdə tutulub. İlk işlər pilot layihə kimi Nizami rayonunda başlanıb, sonradan isə bu işlər digər rayonlarda davam etdirilib. Hazırda müqavilədə nəzərdə tutulan 542 liftin 458-i artıq Bakıya gətirilib. Bu günədək 162 lift quraşdırılaraq Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumları tərəfindən qeydiyyata alınıb və istismarına icazə verilib. Hazırda paytaxtın Nizami, Qaradağ, Xətai, Nərimanov, Binəqədi, Sabunçu, Yasamal və Nəsimi rayonlarında 296 yeni liftin quraşdırılması işləri aparılır.
“Lifttəmir” İstehsalat Birliyi tərəfindən, eyni zamanda, istismar müddəti bitməyən liftlərin də təmir işləri aparılır. Liftlərə texniki xidmət göstərilməsi işlərinin daha da yaxşılaşdırılması üçün vahid dispetçer məntəqəsi yaradılır, işçi personalın texniki biliklərinin artırılması üçün əlavə işlər görülür.
Tədbirdə KİV nümayəndələrinə yeni quraşdırılmış liftlərin texniki göstəriciləri barədə məlumat verilib. Qeyd olunub ki, alınan liftlər keyfiyyət və texniki parametrlərinə görə müasir standartlara tam cavab verir. Yeni liftlər müasir elektron sistemlə təchiz olunub. Elektrik xətlərində açılma zamanı YPS sistemi mövcuddur ki, vətəndaşlar avtomatik təxliyə olunur. Görmə qabiliyyəti məhdud şəxslərin liftdən istifadələri üçün çöl və içəri düymələrində mərtəbələr göstəriciləri brayl əlifbası ilə işarələnib.
Diqqətə çatdırılıb ki, Bakı şəhəri üzrə çoxmərtəbəli binalarda istismar müddəti ötmüş liftlərin dəyişdirilməsi gələn il də davam etdiriləcək, yeni liftlər alınaraq digər köhnə liftlərin də əvəzlənməsi aparılacaq.