İQTİSADİYYAT


“Baksol yolu”nun 1100 metrlik hissəsində təmir işləri yekunlaşıb VİDEO

Bakı, 28 noyabr, AZƏRTAC

“İnvestisiya Proqramı”na uyğun olaraq Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsinin “Baksol yolu” adlanan avtomobil yolunun 1100 metrlik hissəsində təmir işləri yekunlaşdırılıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, təmir işləri çərçivəsində 15 min kvadratmetrdən çox sahəyə yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunub.

Layihəyə uyğun olaraq, sözügedən hissədə yolboyu zəruri yerlərdə əsasın deformasiyaya uğramış hissələrinin qazılaraq kənarlaşdırılması, əks-dolğu, yeni səki daşlarının düzülməsi və yolboyu köhnə asfalt örtüyünün frezlənməsi işləri aparılıb, vətəndaşların yol kənarı ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə yeni piyada səkiləri inşa edilib.

“Baksol” avtomobil yolunun sözügedən 1100 metrlik hissəsində avtonəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün yol-cizgi və yolgöstərici xətlər, həmçinin piyada zolaqları çəkilməklə müasir yol infrastrukturu yaradılıb.

Qeyd olunub ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən ümumi uzunluğu 3,21 kilometr olan yolda aparılan işlər “İnşaat Norma və Qaydaları”na uyğun şəkildə həyata keçirilir. Bundan öncə “Baksol yolu”nun 1400 metrlik hissəsində də analoji işlər aparılıb.

2022-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, paytaxtın Binəqədi rayonu üzrə ümumi uzunluğu 13,06 kilometr təşkil edən küçə və yolun təmiri işləri aparılır.

Agentlik tərəfindən 2021-ci ildə Binəqədi rayonu üzrə 15,4 kilometr uzunluğa malik küçə təmir edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.