İQTİSADİYYAT
“Baktelecom” GPON texnologiyası üzərindən göstərilən internet xidməti tariflərini endirib
Bakı, 1 fevral, AZƏRTAC
“Bakı Telefon Rabitəsi” MMC (“Baktelecom”) müasir texnologiyalar tətbiq etməklə xidmət keyfiyyətinin və müştəri məmnuniyyətinin yüksəldilməsi istiqamətində tədbirləri davam etdirir. Belə ki, “Baktelecom” genişzolaqlı internet istifadəçiləri üçün qiymətləri endirib.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, yeni sərfəli tariflər GPON (Gigabit Passive Optical Network - Gigabit tutumlu Passiv Optik Şəbəkə) texnologiyası vasitəsilə xidmət alan bütün internet abunəçiləri üçün tətbiq edilib. Eyni zamanda, 10 və 20 Mbit/s sürət istifadəçiləri üçün nəzərdə tutulan məbləğə telefon xidməti də daxil edilib. Yəni, abunəçi tətbiq olan tarif əsasında bir məbləğ ödəməklə 2 xidmətdən - internet və sabit telefon şəbəkəsindən faydalana bilər.
Qeyd edək ki, GPON internet xidməti fiber-optik xətlər üzərindən təmin edilir. Bu texnologiya 100 Mbit/s-ə qədər qoşulma sürəti, kəsintisiz rabitə və telefon xətlərindən asılılığın olmaması kimi üstünlüklərə malikdir. Hazırda Bakı şəhəri üzrə 30 min mənzilə xidmət göstərilməsi üçün infrastruktur yaradılıb. Yaxın 1 il ərzində bu göstəricinin artırılması planlaşdırılır.
“Baktelecom”un genişzolaqlı internet xidməti üzrə tətbiq olunan yeni tariflər haqqında məlumatı “www.baktelecom.az” saytına və ya “155” qısa nömrəsinə müraciət etməklə əldə etmək olar.