ELM VƏ TƏHSİL
“Baku Dialogues” jurnalının yeni nömrəsi İpək Yolu bölgəsinin geosiyasi əhəmiyyətinə və qlobal arenadakı roluna fokuslanıb
Bakı, 19 oktyabr, AZƏRTAC
ADA Universitetinin “Baku Dialogues” (“Bakı Dialoqları”) jurnalının yeni nömrəsində İpək yolu regionunun geosiyasi vəziyyəti və əhəmiyyətinə dair yerli və xarici tanınmış mütəxəssislərin məqalə və müsahibəsi yer alıb.
AZƏRTAC xəbər verir ki, nəşrin yeni nömrəsi İpək Yolu bölgəsinin geosiyasi əhəmiyyətinə və qlobal arenadakı roluna fokuslanıb.
Jurnal Qərbdə Anadoludan başlayıb Şərqdə Altayın yüksəkliklərindən Hindukuşa qədər uzanan geniş coğrafiyada ölkələrin siyasi və iqtisadi vəziyyəti barədə dolğun təsəvvür yaradır.
Oxucular bu nəşrdə ADA Universitetinin rektoru, səfir Hafiz Paşayevin amerikalı analitik Zbiqnev Bjezinski barədə fikirləri ilə tanış ola bilərlər. Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə olan müsahibə isə Azərbaycanın xarici siyasət konsepsiyası haqqında geniş təsəvvür yaradır. Müsahibədə H.Hacıyev Azərbaycanın milli maraqlara dəyər verən, müstəqil xarici siyasət yürütdüyünü və bu bünövrənin əsasının ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini nəzərə çatdırıb. Qeyd edib ki, Azərbaycan “aydın səbəblərə görə məlum qonşu ölkə istisna olmaqla” bütün qonşu dövlətlərlə xoş münasibətlərdədir.
Mərkəzi Asiya və Qafqaz İnstitutunun direktoru Svante Kornellin “Avrasiya ilə Yaxın Şərqin arasında” başlıqlı məqaləsində son onillikdə Azərbaycanın geosiyasi vəziyyətinin tamamilə dəyişdiyinə diqqət çəkilir. Azərbaycanın yürütdüyü müstəqil siyasətin Cənubi Qafqaz regionundakı digər ölkələrə nisbətən daha üstün olduğu vurğulanır.
Araşdırmaçı Nikolas Qvozdevin isə fikrincə, İpək yolu XXI əsrdə beynəlxalq əlaqələrin ən mühüm nöqtəsinə çevrilməkdədir və Azərbaycan bu yolun mərkəzində yerləşən bir ölkə kimi dünyada cərəyan edən hadisələrdə daha mühüm rol oynayacaq.
ABŞ-ın məşhur Prinston Universitetinin professoru Maykl A.Reynolds ABŞ-ın Avrasiya regionunda siyasətindən bəhs edən məqalə də oxucular üçün maraqlı olacaq.
Beləliklə, jurnalda Corctaun Universitetinin professoru Brenda Şafferin, Brüsseldə yerləşən Avropa Siyasət Mərkəzinin Baş siyasi analitiki Amanda Paulun və Beynəlxalq Təhlükəsizlik və Strateji Mərkəzinin (“Tsinghua” Universiteti) Çin Forumunun Baş mütəxəssisi Yu Hongjunun məqalələri də daxil olmaqla ümumilikdə 11 məqalə yer alıb.
Jurnalın baş redaktoru ADA Universitetinin prorektoru Fariz İsmayılzadədir. Qeyd edək ki, jurnalın sentyabr ayında təqdim edilmiş veb-saytı istifadəçilərə ödənişsiz abunəlik və Arxiv bölməsində toplanan nəşrləri yükləmə imkanı verir. “Baku Dialogues” ADA Universitetinin ingilis dilində nəşr edilən rüblük jurnalıdır. Bu ilin sentyabr ayından etibarən Jurnal “İpək Yolu bölgəsi üzərində siyasi perspektivlər” başlığı ilə dərc edilir.
Jurnalın fiziki və elektron nüsxələri bir çox kanal və platformalar vasitəsilə ödənişsiz əsaslarla geniş oxucu kütləsinə çatdırılır.
Xatırladaq ki, “Baku Dialogies”un ilk nömrəsi 2014-cü ildə çap olunub. Jurnal milli və beynəlxalq səviyyədə analitiklər, akademik və diplomatlar tərəfindən böyük maraqla qarşılanır.