MƏDƏNİYYƏT


“Baku Guide” kataloqunun növbəti sayı işıq üzü görüb

Bakı, 1 avqust (AZƏRTAC). Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Mədəniyyət” qəzetinin əlavəsi olaraq nəşr edilən “Baku Guide” kataloqunun növbəti sayı (iyul-avqust) çapdan çıxıb.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, “Bakı haqqında hər şey” (“All about Baku”) konseptində hazırlanan nəşrin bu sayı da ölkəmizə təşrif buyuran turistlər, paytaxtımızın qonaqları və aktiv mədəni istirahətə üstünlük verən şəhər sakinləri üçün maraq kəsb edəcək müxtəlif informasiyalar, tematik yazılar və məlumatlarla zəngindir.

Nəfis tərtibatı, orijinal dizaynı ilə seçilən, Azərbaycan, ingilis və rus dillərində materialların dərc olunduğu bələdçi kataloqunda Bakının küçə və meydanları, şəhərdə və şəhər ətrafındakı görməli yerlər, tarixi məkanlar, mədəniyyət ocaqları, eləcə də otel, restoran, ticarət və əyləncə məkanları ilə bağlı məlumatlar, ünvan və telefonlar yer alıb.

Nəşrdə Nizami Kino Mərkəzinin, “Park Cinema”nın avqust afişası, nümayiş olunacaq filmlər haqqında informasiya, eyni zamanda turistlər və şəhərimizin qonaqları üçün zəruri bilgilər, avtomobil kirayəsi, fövqəladə hallarda yardımla bağlı çağırış mərkəzlərinin əlaqə nömrələri və s. əksini tapıb.

Kataloqun bu sayında da ənənəvi rubrikalar üzrə materiallar var. “Tanınmış insanların Bakı haqqında təəssüratları” bölməsində dünya şöhrətli müğənni Müslüm Maqomayevin həyat və yaradıcılığına nəzər salınıb. 2 avqust - Azərbaycan Kinosu Günü ilə bağlı məqalədə neft Bakısında yeni incəsənət növünün - kinematoqrafiyanın təşəkkül tapması lakonik dillə təqdim olunur.

Nəşrdə Azərbaycan xalça sənəti, çay mədəniyyəti haqqında yığcam yazılar, “Bakıdan xatirə” rubrikasında milli suvenirlərimiz barədə turistlər üçün məlumat, habelə ölkəmizə gələn qonaqları maraqlandıra biləcək suallara cavablarla tanış olmaq mümkündür. “Bakını “City sightseeng”lə kəşf edin” (şəhər turları), aviakassalar, turizm agentləri və digər bölmələr də paytaxtımızın qonaqları üçün dəyərli informasiya mənbəyidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.