MƏDƏNİYYƏT
“Baku Guide” kataloqunun yeni nömrəsində ölkəmizin mədəni turizm zənginliyindən söz açılır
Bakı, 4 fevral, AZƏRTAC
Azərbaycanın zəngin irsi, özünəməxsus adət-ənənələri bu mədəni potensialın beynəlxalq səviyyədə təbliği və ölkəyə gələn qonaqlara yüksək səviyyədə təqdim olunması üçün geniş imkanlar yaradır. Ölkəmiz 2011-ci ildən Avropa Şurasının mədəni marşrutlar proqramına qoşulub və hazırda beş layihədə təmsil olunur.
Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, respublikamıza gələn əcnəbi vətəndaşlara, gəzməli-görməli yerlərimizi bir daha kəşf etmək istəyən yerli sakinlərə bələdçilik edən “Baku Guide” kataloqu yeni nömrəsində ölkəmizin mədəni turizm zənginliyindən də söz açır.
İngilis və rus dillərində hazırlanan bələdçi kataloqu “Baku Guide” MMC tərəfindən nəşr olunur. Kataloqun fevral buraxılışı müxtəlif tematik bölmələr üzrə maraqlı yazılar, fotolar, faydalı informasiyalarla zəngindir.
Nəşr ilk olaraq oxuculara ölkəmizin keçmişi və bu günü, mədəniyyətimizin tarixi mənzərəsi ilə bağlı bələdçilik edir. Müsəlman Şərqində ilk peşəkar teatrın, kinematoqrafın, operanın Azərbaycanda yarandığı diqqətə çatdırılır, ölkəmizin son illər mədəniyyətlərarası dialoqa töhfələrindən, mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməsindən bəhs olunur.
Nəşr şəhərdə fəaliyyət göstərən muzeylərə də bələdçilik edir, Mili İncəsənət, Mili Xalça, Musiqi Mədəniyyəti, Dövlət Teatr və digər iri muzeylərlə bərabər, görkəmli şəxsiyyətlərin ev-muzeylərinin ekspozisiyasından da söz açılır.
Azərbaycanın mədəniyyəti ilə bərabər təbiəti də rəngarəngdir. İqlim müxtəlifliyi ilin bütün fəsillərində turizm üçün imkanlar deməkdir. Qış mövsümündə Azərbaycanda istirahət üçün ən populyar məkanlar ölkənin şimal və şimal-qərb regionları sayılır. Bu bölgələrdə müasir infrastruktur, hotellər inşa olunub. Qusar rayonu ərazisindəki “Şahdağ” kompleksi, Qəbələ rayonundakı “Tufandağ” kompleksi dağ-xizək həvəskarlarının sevimli məkanlarıdır. Şamaxı, Quba, İsmayıllı, Qax, Balakən, Zaqatala və digər rayonlarda da mövsümi istirahəti maraqlı və yaddaqalan etmək olar. “Odlar yurdunda qış istirahəti” sərlövhəli yazıda bu barədə ətraflı məlumat verilir.
“Görməli yerlər və tarixi abidələr” bölməsi oxucuları minilliklərin daş yaddaşı olan Qobustan qoruğuna, Atəşgah məbədinə, Yanardağa səyahətə, Bakının memarlıq inciləri ilə tanışlığa, İçərişəhərin tarixi məkanlarını gəzməyə, şəhərin ultramüasir tikililərini, yeni simvollarını seyr etməyə dəvət edir. “Neft Bakısının Ağ şəhəri” yazısı isə şəhərin tarixinə, müxtəlif dövrlərin izi qalan şəhərsalma mədəniyyətinə ekskursiya etməklə bərabər, bu gün dünyanın ən gözəgəlimli şəhər dizaynı layihələrindən olan “Bakı – Ağ şəhər”i diqqətə çatdırır.
Tarixi yaddaşımız da bələdçi kataloqunun daimi mövzularındandır. “Qarabağ – Azərbaycanın mədəniyyət beşiyi” başlıqlı yazıda əzəli yurd yerimizin mədəni irsi, işğal altındakı torpaqlarımızda mədəni sərvətlərin dağıdılıb-talan edilməsi barədə ingilis və rusdilli oxuculara məlumat verilir. Daha bir yazıda 28 il əvvəl – 1992-ci ilin fevralın 26-da Xocalı şəhərində erməni qəsbkarlarının azərbaycanlı əhaliyə qarşı törətdiyi dəhşətli qırğın haqqında bəhs olunur, Xocalı soyqırımının bəşəriyyətin vicdanında qara ləkə olduğu vurğulanır.
Nəşrdə ənənəvi olaraq tanınmış rəssamlarımızın əsərlərinin reproduksiyasına yer verilir. Bu dəfə “Baku Guide”ın 1-ci səhifəsində Xalq rəssamı Kamil Xanlarovun “Ordubadda qış” əsəri əks olunub.