İQTİSADİYYAT
“Baku Steel Cоmpany” məhsullarının qiymətini ucuzlaşdırdı
İllik istehsal gücünü 1 milyon tona çatdıran “Baku Steel Company” MMC hazırladığı çoxçeşidli məhsulların - pəstah, tikinti armaturları, polad məftil və künclüklərin qiymətini 720 manatdan 590 manata endirib.
MMC-nin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, qiymət endirimi məhsulların keyfiyyət göstəricilərinə təsir göstərməyib. SGS, BAM, İntertek kimi keyfiyyətə nəzarət edən beynəlxalq şirkətlərin, həmçinin Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin hesabatlarında keyfiyyət göstəricilərinin qiymət endirimindən sonra da yüksək səviyyədə olduğu qeyd edilib.
Məhsulların qiymət və keyfiyyətinin optimallaşdırılması təkcə daxili bazara deyil, eyni zamanda, qonşu ölkələr olan Rusiya, Gürcüstan, Türkmənistana rəqabətyönlü qiymətlərin təklif edilməsinə şərait yaradıb. Son aylarda bağlanan müqavilələr bunun bariz nümunəsidir.
Şirkətdə uğurla həyata keçirilən texnoloji proseslərin optimallaşdırılması, investisiya siyasətinin gücləndirilməsi, sosial infrastrukturun yenidən qurulması və digər kompleks islahatlar bu gün də davam etdirilir.