İDMAN
“Baku World Challenge” yarışına həsr olunmuş mətbuat konfransında avtomaşınlar nümayiş etdirilmişdir VİDEO
Bakı, 22 noyabr (AZƏRTAC). Noyabrın 22-də “JW Marriott Absheron” otelində “Baku World Challenge” yarışına həsr olunmuş mətbuat konfransı keçirilmişdir. Yarışda iştirak edəcək avtomobillər nümayiş etdirilmişdir.
AZƏRTAC xəbər verir ki, yarışın təşkilatçı tərəfdaşı Renold Janfils bildirmişdir ki, ötən yarışda Azərbaycanda insanların yarışa necə münasibət göstərəcəyindən narahatlıq var idi, lakin sonra aydınlaşdı ki, insanlar yarışmaya böyük maraq göstərir - yarışma gözlədiyimizdən maraqlı keçmişdir.
“Baku World Challenge” yarışının əsas təşkilatçısı “Aztexnika Ltd” MMC-nin prezidenti Mənuçöhr Əhədpur Xangah yarışmanın Azərbaycanda keçirilməsində göstərdiyi köməyə görə Azərbaycan dövlətinə, xüsusən də Prezident İlham Əliyevə təşəkkürünü bildirmişdir.
Mənuçöhr Əhədpur Xangah qeyd etmişdir ki, Bakının bu cür böyük yarışlara ev sahibliyi etməsi Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən uğurlu siyasətin və davamlı inkişafın nəticəsində mümkün olmuşdur. Bu, ölkənin dünyada nüfuzunu artırır. Diqqətə çatdırılmışdır ki, bu yarış Azərbaycan idmanının inkişafına öz töhfəsini verəcək və Azərbaycanı dünyanın diqqət mərkəzinə çevirəcəkdir.
Yarışın təşkilatçı tərəfdaşı Jan Fransua Şaumont da bu möhtəşəm tədbirin həyata keçirilməsində əməyi olan hər bir kəsə minnətdarlığını bildirmişdir.
Yarışın digər təşkilatçı tərəfdaşı Stefan Ratel bildirmişdir ki, yarışda 14 beynəlxalq komanda və 30 yarış avtomobili iştirak edəcəkdir. Bundan əlavə, final çərçivəsində “15 F1” tarixi maşınlarının da nümayişi gözlənilir.
Bildirilmişdir ki, avtoralli Bakıda uzunluğu 4 kilometr olan, Dövlət Bayraq Meydanından dəniz sahili boyu xüsusi hazırlanmış yolda keçiriləcəkdir. Mütəxəssislərin fikrincə, yolun həm geniş, həm də dar döngəli olması yarışı daha da maraqlı edəcəkdir. Ralli iştirakçıları Bakıya gəlməmişdən əvvəl artıq xüsusi simulyator proqramı ilə bu yolun özəlliyini öyrənmişlər.
Final yarışı “Eurosport” telekanalı ilə Avropa, Yaxın Şərq, həmçinin Avstraliya, Asiya, Amerika və Afrikada canlı yayımlanacaqdır.
Əcnəbi qonaqlar Bakının inkişaf etdiyini və ecazkar bir şəhərə çevrildiyini xüsusi vurğulamışlar.