İQTİSADİYYAT
“Bakutel-2016”da “Microsoft”un Azərbaycan üzrə Milli Planı təqdim olunub
Bakı, 30 noyabr, AZƏRTAC
“Microsoft” korporasiyası Bakıda keçirilən XXII Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgi və konfransında (“Bakutel-2016”) iştirak edir.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, “Bakutel-2016” çərçivəsində sərgi iştirakçılarına “Microsoft Azure” və “Office 365” bulud həlləri, “Dynamic 365” biznes platforması, həmçinin fərdi və təşkilat səviyyəsində informasiya təhlükəsizliyi vasitələri nümayiş etdirilir. Təhsil müəssisələrinin nümayəndələri isə təhsil sahəsi üçün nəzərdə tutulmuş həllərin geniş spektri, tələbə imtiyazları və tədris materialları ilə tanış olurlar. Bundan başqa, sərgini ziyarət edən tələbələrə “Microsoft Imagine Cup” beynəlxalq texnoloji müsabiqədə iştirakla bağlı ətraflı məlumat verilir.
“Bizim Azərbaycandakı missiyamız yüksək nailiyyətlər əldə etmək üçün hər bir insanın və təşkilatın imkanlarını genişləndirməkdir. “Microsoft” korporasiyası “Bakutel” sərgisinin daimi iştirakçısıdır. Bu il iştirakımızın əsas məqsədi “Microsoft”un Azərbaycan üzrə Milli Planını təqdim etməkdən ibarətdir. İnnovasiya sektorunun inkişafını, təşkilatların iqtisadi effektivliyinin artırılmasını və təhsil sisteminin modifikasiyasını özündə əks etdirən korporasiyanın Milli Planı “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına uyğun olaraq hazırlanıb”, - deyə “Microsoft Azerbaijan” şirkətinin baş meneceri Sərxan Həşimov bildirib.
Qeyd edək ki, “BakuTel-2016” sərgisi İKT sektorunun dünyada son tendensiyalarını, həmçinin bu sahənin Azərbaycanda inkişaf perspektivlərini müzakirə etməyə imkan yaradır.