İQTİSADİYYAT


“Bakutel-2018”də poçt və rabitənin zəngin tarixini əks etdirən muzey fəaliyyət göstərəcək

Bakı, 28 noyabr, AZƏRTAC

“Bakutel-2018”də poçt və rabitənin zəngin tarixini əks etdirən muzey fəaliyyət göstərəcək.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin ictimaiyyətlə əlaqələr sektorundan AZƏRTAC-a bildirilib ki, bu il Azərbaycanda müasir poçt rabitəsinin yaradılmasından 200 il, Poçt və Teleqraf Nazirliyinin yaradılmasından isə 100 il ötür. Bu tarixi hadisə cari ildə XXIV dəfə təşkil olunan “Bakutel” Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgisində diqqətdən kənarda qalmayıb. Belə ki, builki sərgi çərçivəsində poçt və rabitənin zəngin tarixini əks etdirən muzey fəaliyyət göstərəcək. Burada poçt tarixinə aid eksponatlar, məktublar, teleqramlar, rabitə qurğuları, komutator telefonları, “Morzi” əlifbası, sahənin dövrlər üzrə rəsmi sənədləri, poçt və rabitə işçisinin geyim formaları, istifadə etdiyi əşyalar, bağlama, məktub, kiçik paketlər və banderol nümunələri nümayiş olunacaq.

Eyni zamanda, II Dünya müharibəsi illərinə dair poçt göndərişləri, əsgər məktubları, poçt qutuları, ötən əsrin 70-80-ci illərinə təsadüf edən poçt nümunələri, ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründə poçt sahəsinin inkişafını xarakterizə edən xüsusi guşə də fəaliyyət göstərəcək. Sərgidə təqdim olunacaq eksponatlar ayrı-ayrı rabitə müəssisələrindən, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin muzeyindən, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsindən və kolleksiyaçılardan əldə olunub.

Muzeyi ziyarət edənlər poçt və rabitə tarixini özündə əks etdirən 2018-ci il istehsalı “Sizə məktub var” filmini də izləmək şansı əldə edəcəklər. Eyni zamanda, tədbir çərçivəsində 40-50-ci illərdə Azərbaycan poçtunun işini, o zamankı fəaliyyət və imkanlarını əks etdirən “Məktublar həftəsi” sənədli filmi də nümayiş etdiriləcək.

“Bakutel-2018”in iştirakçılarının yalnız keçmişə deyil, gələcəyə də səyahət etmək imkanı olacaq. Belə ki, sərgidə “Azərpoçt” MMC tərəfindən ən çox tələb olunan xidmətlərin göstərildiyi, tam avtomatlaşdırılmış poçt şöbəsi prototipi də nümayiş olunacaq. Stend-şöbədə poçt göndərişləri və qəbulu üçün avadanlıq-poçtamat, elektron tərəzi, poçtamatın özünəxidmət terminalı, vəsiqə skaneri, ödəniş qəbulu və plastik kartların verilməsi üçün avadanlıq, eyni zamanda, kommunal və digər xidmətlər üçün ödəniş terminalları, avtomatlaşdırılmış valyuta mübadilə terminalı (exchange), bank hesabında vəsaitin artırılması üçün “Smart safe” depozit avadanlığı, eləcə də məlumat terminalı yerləşdiriləcək.

Sərgidə nümayiş olunacaq avadanlıqların gələcəkdə bir çox ictimai yerlərdə quraşdırılması planlaşdırılır. Yeddi gün 24 saat ərzində zəruri poçt xidmətlərinin göstəriləcəyi şöbənin gələn ildən fəaliyyətə başlaması nəzərdə tutulur.

“Azərpoçt” MMC Azərbaycanın yeganə milli poçt operatorudur və ənənəvi poçt-telekommunikasiya xidmətləri ilə yanaşı, maliyyə xidmətləri də göstərir.

Xatırladaq ki, “Bakutel-2018” sərgi-konfransı Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi, "Caspian Event Organisers" ("CEO") şirkətinin təşkilatçılığı və “Azercell” şirkətinin baş sponsorluğu ilə keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.