MƏDƏNİYYƏT
“Bal-Maskarad”ın premyerası olacaq
Bakı, 2 sentyabr, AZƏRTAC
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı VIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində teatrsevərlərə Cüzeppe Verdinin “Bal-Maskarad” operasını təqdim edəcək.
Teatrdan AZƏRTAC-a bildirilib ki, sentyabrın 24-də nümayiş olunacaq səhnə əsərinin premyera tamaşasında əsas partiyaları Belarusun Əməkdar Artisti Stanislav Trifonov, Əməkdar artistlər Fərid Əliyev, İlahə Əfəndiyeva, İnarə Babayeva, Səbinə Vahabzadə, habelə solistlər Tural Ağasıyev, Əliəhməd İbrahimov və Tələt Hüseynov ifa edəcək.
Tamaşanın musiqi rəhbəri və dirijoru beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyev, xormeysteri Əməkdar İncəsənət Xadimi Sevil Hacıyeva, konsertmeysteri Nərgiz Ağayevadır.
Qeyd edək ki, “Bal-Maskarad” operasının premyerası 1859-cu il fevralın 17-də Romanın Apollo teatrında baş tutub. Operanın librettosu fransız dramaturqu Ejen Skribanın tarixi faktlar əsasında qələmə aldığı pyesin motivləri əsasında yazılıb. C. Verdinin ölməz musiqisi sayəsində operanın premyerası çox böyük uğur qazanıb. Sözügedən səhnə əsəri bu gün də dünyanın ən qabaqcıl opera teatrlarının repertuarını bəzəyir.