İQTİSADİYYAT
Bal yarmarkasına 371 sahibkardan 150 ton süzmə bal daxil olub
Bakı, 4 oktyabr, Ramiz Quliyev, AZƏRTAC
XIX arıçılıq məhsullarının sərgi-satış yarmarkasına 371 sahibkardan 150 ton süzmə bal daxil olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq şöbəsinin müdiri Asəf Ömərov oktyabrın 4-də Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və Azərbaycan Arıçılar Assosiasiyasının birgə təşkil etdiyi arıçılıq məhsullarının sərgi-satış yarmarkasına həsr olunmuş mətbuat konfransında deyib.
Yarmarkaya gətirilən balın 5 tonu çərçivə halındadır. Daha çox arı məhsulları Astaradan və Aran iqtisadi rayonundan daxil olub. Şöbə müdiri qeyd edib ki, təmsil etdiyi qurum hazırda sərgi–yarmarka ilə bağlı yalnız təşkilati məsələlərə cavabdehlik daşıyır. Yarmarkaya çıxarılan məhsulların keyfiyyətinə nəzarət isə Qida Təhlükəsizliyi Agentliyinə məxsusdur.
Qida Təhlükəsizliyi Agentliyinin şöbə müdiri Qalib Əbdüləliyev bu il də sərgi-yarmarkaya çıxarılan bal məhsullarının ciddi şəkildə müvafiq standartlara uyğun ekspertizadan keçirildiyini vurğulayıb. Nəzərə çatdırılıb ki, yarmarkaya daxil olan məhsullar məxfi şəkildə kodlaşdırılaraq, agentliyin əməkdaşları tərəfindən nümunələr götürülüb.
Q. Əbdüləliyev 3974 bal nümunəsinin ekspertizadan keçirildiyini və təqribən 900 nümunənin keyfiyyətsiz olduğunun aşkar edildiyini söyləyib. “Bu isə 30 tona yaxın baldır. Keyfiyyətsiz hesab edilən bal məhsulları xüsusi anbara yığılaraq satışdan çıxarılıb”.
Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov qurumun 2016-cı ildən fəaliyyət göstərdiyini bildirib. Bu dövr ərzində Kənd Təsərrüfatı Nazirliyi və digər təşkilatlarla əməkdaşlıq etdiklərini söyləyib. B.Həsrətov, həmçinin Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssislərinin bal məhsullarının keyfiyyətinin yoxlanılması sahəsində gördükləri işləri müsbət dəyərləndirib.
Onun sözlərinə görə, assosiasiya yerlərdə arıçıların seçilməsi, siyahıların təsdiqi və yarmarkada yerlərin müəyyənləşdirilməsi işlərində səylərini əsirgəməyib.
Qeyd edək ki, arıçılıq məhsulları yarmarkası oktyabrın 5-dən 28-dək Bakı şəhəri, Nərimanov rayonu, Fətəli xan Xoyski prospekti, 10 ünvanında (Tofiq Bəhramov adına Respublika Stadionunun ərazisi) keçiriləcək.