REGİONLAR
Balaca Zəhranın və nənəsinin erməni hərbçiləri tərəfindən qətlə yetirilməsindən yeddi gün ötür VİDEO
Füzuli, 11 iyul, Tahir Ağaməmmədov, AZƏRTAC
Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin atəşə tutulması nəticəsində mülki şəxslər – Sahibə Allahverdiyevanın və onun nəvəsi 2 yaşlı Zəhra Quliyevanın həlak olmasından 7 gün ötür.
AZƏRTAC xəbər verir ki, respublikamızın bütün bölgələrindən olan insanlar Füzuli rayonuna gələrək, “Zobucuq-5” qəsəbəsində keçirilən yas mərasimində iştirak edib, mərhumların yaxınlarına dərin hüznlə başsağlığı verib, Allahdan səbir diləyiblər.
Yas mərasimində iştirak edən Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili Elmira Süleymanova və Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev Alxanlı kəndində Sahibə Allahverdiyevanın və onun nəvəsi 2 yaşlı Zəhra Quliyevanın həlak olduğu yerə baxış keçirib, qəbirlərini ziyarət ediblər.
Jurnalistlərə müsahibə verən Elmira Süleymanova bildirib ki, bütün beynəlxalq qanunlar, konvensiyalar dinc əhaliyə qarşı təcavüzü qadağan edir. Dinc əhali arasında qırğın törətmək ən böyük cinayətdir. Ermənistan silahlı qüvvələri Azərbaycanın yaşayış məntəqəsini atəşə tutması və dinc sakinləri öldürməsi ilə insan hüquqları sahəsində mövcud beynəlxalq sənədlərin, Cenevrə konvensiyalarının, BMT-nin Uşaq hüquqları haqqında konvensiyasının və digər sənədlərin müddəalarını kobud şəkildə pozub. Bu hadisə Ermənistanın təcavüzkar siyasətini, qeyri-insani hərəkətlərini təsdiqləməklə yanaşı, beynəlxalq hüquq normalarına saymazyana münasibət göstərdiyini bir daha sübut edir.
E.Süleymanova bildirib ki, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndində yaşayan mülki əhalinin qətlə yetirilməsi və mülki obyektlərin atəşə tutulması ilə əlaqədar bəyanat hazırlanaraq, BMT-nin Baş katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, UNESCO-ya və digər beynəlxalq təşkilatlara, müxtəlif ölkələrin ombudsmanlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına göndərilib.