REGİONLAR
Balaca fidanlar analara bayram sevinci yaşadıb VİDEO
Xırdalan, 7 mart, Ətrabə Rzayeva, AZƏRTAC
Abşeron Rayon Mədəniyyət Mərkəzində 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Xırdalan şəhər məktəbəqədər təhsil müəssisləri maraqlı bayram proqramı təqdim edib.
AZƏRTAC xəbər verir ki, tədbirdə rayon icra hakimiyyətinin başçısı İradə Gülməmmədova çıxış edərək, son illər ölkə həyatının müxtəlif sahələrində qadınların fəallığının xeyli artmasından söz açıb. Bildirib ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyevanın timsalında Azərbaycan qadını ictimai-siyasi həyatda fəal rol oynadığını bütün dünyaya nümayiş etdirir. Azərbaycan qadınlarının tarixin bütün dövrlərində qəhrəmanlıq, cəsurluq, fəallıq, yenilməzlik nümunəsi olduğunu, cəmiyyət həyatına mütəmadi nüfuz etdiyini, öz milli xüsusiyyətlərini, ülvi, ali hisslərini qoruyub saxladığını vurğulayan İ.Gülməmmədova əlavə edib ki, ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra qadınların ölkəmizin ictimai-siyasi, mədəni həyatında fəal iştirakına daha geniş yer verilib. Ulu Öndərin bu siyasəti hazırda uğurla davam etdirilir.
Diqqətə çatdırılıb ki, respublikamızın hər yerində olduğu kimi, Abşeronda da qadınlar rayonun ictimai-siyasi, iqtisadi və mədəni həyatında aktiv rol oynayaraq, genişmiqyaslı quruculuq və abadlıq işlərinə öz töhfələrini verirlər.
Tədbirdə Abşeron rayonunda son illər uşaq hüquqlarının qorunması, onların sağlam böyümələri, vətənpərvərlik ruhunda tərbiyə olunması və mükəmməl təhsil almaları üçün yaradılan şəraitdən də danışılıb.
Bayram şənliyi Xırdalan şəhərində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrindən olan uşaqların ifasında rəngarəng musiqi nömrələri, vətənpərvərlik mövzusunda ədəbi kompozisiya və rəqslərlə davam etdirilib. Balaca fidanlar analara unudulmaz bayram sevinci yaşadıb.