İDMAN


Balaca gimnastımız Mina Abbasova bir ayda dördüncü medalını qazanıb

Budapeşt, 2 dekabr, AZƏRTAC

Budapeştdə bədii gimnastika üzrə X beynəlxalq "Yeni il" kuboku turniri keçirilib. Turnirdə Macarıstanla yanaşı, Azərbaycan, İtaliya, Kipr, İsrail, Ukrayna, Slovakiya, Çexiya, Latviya, Rusiya, Gürcüstan, Xorvatiya və İrlandiyanı təmsil edən 21 klubdan 400-ə yaxın gimnast mübarizə aparıb.

AZƏRTAC xəbər verir ki, həmyerlimiz - on yaşlı Mina Abbasova bu dəfə də üçrəngli bayrağımızı zirvəyə qaldıraraq 2010-cu il təvəllüdlü gimnastlar arasında birinci olub. Bununla da balaca gimnastımız noyabr ayı ərzində dördüncü medalını qazanıb. Bu, onun ümumilikdə 39-cu (15 qızıl, 20 gümüş, 4 bürünc) medalıdır.

M.Abbasovadan başqa Azərbaycanı bu yarışlarda "Gym Kids" klubunun üzvləri də təmsil ediblər. Müxtəlif yaş qruplarından olan gimnastlarımız - Fatimə Əlizadə (2012), Aybəniz Qafarova (2014), Samirə Rzayeva (2014), Daniela Səfərova (2010) birinci yeri tutublar.

Məryəm Novruzova (2013), Məryəm Baloğlanova (2012) və Alina Haşimova (2010) gümüş medallarla kifayətlənməli olublar.

Xatırladaq ki, Mina Abbasova valideynlərinin müvəqqəti yaşadıqları Macarıstanda 5 yaşından etibarən "Rus RG" sport klubunun üzvüdür və orada gimnastika ilə peşəkar səviyyədə məşğul olur. Tətil günlərində Bakıya gələn Mina məhz "Gym Kids" klubunda məşqlərini davam etdirir. Ona görə də bu klubdakı yaşıdlarının Macarıstanda qazandığı uğurlar Minanı da hədsiz sevindirib.

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.