REGİONLAR
“Balaca şahzadə” Naxçıvan səhnəsində
Naxçıvan, 23 may, AZƏRTAC
Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Naxçıvan Dövlət Uşaq Teatrının görkəmli fransız yazıçısı Antuan dö Sent Ekzüperinin “Balaca şahzadə” alleqorik nağıl-povesti əsasında hazırladığı tamaşanın premyerası olub.
AZƏRTAC xəbər verir ki, tamaşanın quruluşçu rejissorları Tofiq Seyidov və Nurbəniz Niftəliyeva, quruluşçu rəssamları Bəhruz Quliyev və Həbib Allahverdiyevdir. Tamaşanın rəqslərinə Humay Qafarova və Nurbəniz Niftəliyeva quruluş veriblər. Musiqi tərtibatçısı Nurbəniz Niftəliyevadır.
Tamaşanın əsas mövzusu balaca şahzadənin yeddi kiçik planetə səyahətindən ibarət fantastika, alleqoriya və gerçəklik arasında real həyat epizodları üzərində qurulub. İnsanlara səmimi münasibət, həyatın gözəlliklərini görmək duyğuları, anlaşma və xeyirxahlıq fikirləri əsərin əsas leytmotividir. Tamaşada balaca şahzadələri Nurbəniz Niftəliyeva və Rəhman Abbasov canlandırırlar.
Nağılın süjeti çox sadədir. V-612 astereoidindən gələn balaca şahzadənin məqsədi tamaşaçını da düşündürür. Kainatı səyahət edib Yerə gələn balaca şahzadənin ümidi insanlar arasında əsl məhəbbəti və dostluğu görməkdir. Yerə gələnə qədər 6 planetdə şöhrətpərəst, işbaz və başqa-başqa insanlarla rastlaşan balaca şahzadə maraqlı və real həyat epizodları ilə qarşılaşır.
Qeyd edək ki, “Balaca şahzadə” əsəri əsasında çoxsaylı cizgi filmləri, tamaşalar hazırlanıb. Azərbaycan Pantomim Teatrından sonra Naxçıvan Dövlət Uşaq Teatrının müraciət etdiyi “Balaca şahzadə” əsəri uşaqlar və böyüklər tərəfindən maraqla qarşılanır.