MƏDƏNİYYƏT
“Balaca şahzadə”nin premyerası təxirə salınıb
Bakı, 11 fevral , AZƏRTAC
Premyerası fevralın 21-də Azərbaycan Dövlət Musiqili Teatrında nəzərdə tutulan Antuan de Sent-Ekzüperinin “Balaca şahzadə” əsərinin motivləri əsasında hazırlanan eyniadlı tamaşanın premyerası təxirə salınıb.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, beynəlxalq layihə kimi təqdim olunan tamaşanın premyera tarixi ilə bağlı ictimaiyyətə yaxın vaxtlarda məlumat veriləcək.
Qeyd edək ki, əsərin süjet xəttində Balaca şahzadənin müxtəlif planetlərə səyahətləri obrazlı şəkildə təsvir olunur. Onun qarşılaşdığı personajlarla ünsiyyəti, tamaşaçıya dərin, fəlsəfi mesajlar verir, böyüklərin dünyası, düşüncələri, həyat fəlsəfəsi, sevgi mövzusu balaca bir uşağın gözü ilə və ibrətamiz kəlamlarla anladılır.
Tamaşanın qeyri-adi səhnə tərtibatı var. Arxa fonda iri monitorlarda göstərilən animasiyalarla aktyorların və balet artistlərinin sinxron şəkildə canlandırdığı gözəl ifaları, dolğun və cəlbedici rəqs hərəkətləri, ifaçıların oyunu ilə ekrandakı hadisələrin möhtəşəm sintezi həm də Musiqili Teatrın səhnəsində daha bir yenilikdir. Tamaşanın səhnə qrafikası Mehdi Məmmədova, video quraşdırmaları isə Bakı Media Mərkəzinə məxsusdur.
Balaca şahzadə obrazını Musiqili Teatrın iki azyaşlı aktyoru - adı “Qızıl kitab”a yazılan, Prezident təqaüdçüsü Atilla Məmmədov və Rahib Məmmədov canlandıracaq. Digər rolları Əməkdar artistlər Ələkbər Əliyev, Şövqi Hüseynov, Əmrah Dadaşov, Nicat Həbibov, Aydan Həsənova, Əliməmməd Novruzov, Məhərrəm Qurbanov, Hüseyn Əlili, Rauf Babayev, Emil Heydərov, İbrahim Əlizadə ifa edəcək. Tamaşanın quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, bəstəkarı ABŞ-da yaşayan həmyerlimiz, beynəlxalq müsabiqələr laureatı Ruslan Ağababayev, musiqi rəhbəri Əməkdar artist Vaqif Məstanov, rəssamı Məryəm Ələkbərli, xoreoqrafı Rusiya Federasiyasının Əməkdar incəsənət xadimi, dünya şöhrətli baletmeyster Sergey Gritsay, baletmeysterləri Əməkdar artistlər Zakir və Yelena Ağayevlər, səhnələşdirəni Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi, şair, yazıçı-publisist İlqar Fəhmidir.