REGİONLAR
Balaca tamaşaçıların Sumqayıt teatrına ekskursiyası təşkil olunub
Sumqayıt, 24 aprel, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıt Dövlət Dram Teatrı son vaxtlar tamaşaçıların teatra marağının artırılmasına, uşaq və yeniyetmələrin bədii-estetik zövqünün formalaşmasına və onların maraq dairəsinin daha dərindən öyrənilməsinə yönəlmiş yaradıcı layihələr gerçəkləşdirir.
AZƏRTAC xəbər verir ki, növbəti belə tədbir Mərkəzi Kitabxananın uşaq şöbəsində fəaliyyət göstərən Sabir Sarvan adına Uşaq Poeziya Klubunun üzvlərinin sənət məbədinə ekskursiyası olub.
Teatrla tanışlıqdan əvvəl balacalar qrim otaqlarına baxıb, tamaşaqabağı hazırlığı, texniki prosesi izləyiblər. Kiçik tamaşaçılara repertuardakı uşaq tamaşaları, onların ideya-estetik qayəsi barədə məlumat verilib.
Mərkəzi Kitabxananın uşaq şöbəsinin müdiri Yeganə Hüseynova belə tədbir və görüşlərin uşaqların dünyagörüşlərinin formalaşmasında önəm kəsb etdiyini bildirib. Rejissor Vasif Məmmədovun quruluşunda Abdulla Şaiqin "Danışan gəlincik" əsərinə baxdıqdan sonra balaca aktyorlarla teatr truppası yerlərini dəyişib. Bu dəfə uşaq teatrının üzvləri səhnəyə çıxaraq Cəlil Məmmədquluzadənin, Cəfər Cabbarlının yaradıcılığından nümunələr təqdim ediblər.
Balacaların çıxışları peşəkar heyət tərəfindən alqışlarla qarşılanıb. Teatrın administratoru Nizami Mirzəyev kiçik, həvəskar aktyorlara tamaşanın ərsəyə gəlmə prosesində önəmli olan faktorlardan danışıb və afişalar barədə məlumat verib. Həmçinin 50 yaşlı Sumqayıt Dövlət Dram Teatrının veteran aktyorlarının şəkilləri həkk olunmuş stendə baxılıb.