REGİONLAR
Balakən Aktiv Gənclər Klubu öz fəaliyyətində intellektual layihələrə geniş yer ayırır
Balakən, 6 iyul, Mustafa Dadaşov, AZƏRTAC
Balakən rayon Gənclər və İdman İdarəsinin nəzdində fəaliyyət göstərən Aktiv Gənclər Klubu (AGK) yay tətili günlərində yeniyetmə və gənclərin asudə vaxtlarının mənalı və səmərəli keçməsi üçün maraqlı layihələr həyata keçirir.
AZƏRTAC xəbər verir ki, V “Səmərəli tətil” Proqramını icra edən AGK “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə yeniyetmələr arasında “Yay liqası” layihəsinə start verib. Liqanın Gənclər evində keçirilən ilk oyununda 9 komandanın tərkibində 50-dən çox gənc iştirak edib. Yarış zamanı gənclərə verilən tapşırıqlar arasında İslam həmrəyliyi və vətənpərvərlik mövzularında suallar üstünlük təşkil edib. Liqanın oyunları avqustun əvvəlinədək davam edəcək.
“Səmərəli tətil” proqramının əsas istiqamətləri barədə məlumat verən AGK-nın sədri Sərxan Hacıyev AZƏRTAC-a bildirib ki, iki yüzdən çox yeniyetmə və gəncin əhatə olunduğu bu layihə gənclərin intellektual potensialının yüksəldilməsi, onlarda dövlətçilik və vətənpərvərlik tərbiyəsinin aşılanması, könüllülük prinsiplərinin təbliği, gənclərin zərərli vərdişlərdən uzaqlaşdırılması və yay tətili günlərində gənclərin maraqlarına cavab verən fəaliyyətlərin - əyləncəli oyunların, seminarların, treninqlərin təşkili məqsədi daşıyır.
Xatırladaq ki, 4 ildən artıqdır fəaliyyət göstərən Balakən Aktiv Gənclər Klubu könüllülük prinsipləri əsasında yüzlərlə gənci müxtəlif layihə və proqramlar vasitəsi ilə öz ətrafında birləşdirir.