Balakən Mədəniyyət Mərkəzi “Külə dönmüş arzular” tamaşasını təqdim edib
AzerTAg.az
Balakən, 3 dekabr, Mustafa Dadaşov, AZƏRTAC
Balakən rayon Mədəniyyət Mərkəzində narkomaniyanın fəsadlarından bəhs edən “Külə dönmüş arzular” tamaşası nümayiş olunub. Pakizə Hüseynova və Mirzəağa Məmmədovun ssenarisi əsasında hazırlanan tamaşada rolları Mədəniyyət Mərkəzinin könüllüləri və Balakən rayon Humanitar və Texniki Təmayüllü Liseyin şagirdləri ifa ediblər.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Regional Mədəniyyət İdarəsinin Balakən rayonu üzrə nümayəndəliyindən məlumat verilib.
Bildirilib ki, tamaşadan əvvəl Regional İdarənin Balakən rayonu üzrə nümayəndəsi, baş məsləhətçi Şəfəq Hacıyeva, rayon Polis şöbəsinin inspektoru, polis kapitanı Sahil Babayev çıxış edərək, əsrin bəlasına çevrilmiş narkomaniyanın fəsadlarından, bu qorxulu bəlaya qarşı aparılan mübarizə tədbirlərindən danışıblar. Qeyd olunub ki, sağlam həyat tərzinin təbliği, gənclərin sağlam ruhda tərbiyə olunması, onların narkomaniya və sair bu kimi zərərli vərdişlərdən uzaqlaşdırılması, asudə vaxtlarının səmərəli təşkili, sağlamlıq və yaradıcılıq fəaliyyətinin genişləndirilməsi hər zaman diqqət mərkəzində saxlanılmalıdır. Bu işdə maarifləndirmə tədbirlərinin rolu böyükdür.
Mədəniyyət Mərkəzinin işçisi Zöhrə Bakeyevanın quruluş verdiyi tamaşa izləyicilər tərəfindən maraqla qarşılanıb.







Xəbərin mətnində orfoqrafik səhv var