REGİONLAR
Balakən rayonu üzrə tibbi müayinələrə 59 mindən çox sakin cəlb olunub
Balakən, 14 may, Mustafa Dadaşov, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyəsinə əsasən əhalinin pulsuz tibbi müayinədən keçirilməsi aksiyası Balakən rayonunda da mütəşəkkil qaydada başa çatıb. Fevralın 12-də başlanan və üç ay davam edən aksiya çərçivəsində 59 min 29 nəfər rayon sakini müayinədən keçərək öz sağlamlıqları barədə məlumat əldə ediblər.
Rayon icra hakimiyyətində yaradılan komissiyadan AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, tibbi müayinələr rayon mərkəzi və Qabaqçöl qəsəbə xəstəxanalarında, həmçinin 11 kənd həkim məntəqəsində aparılıb. Eyni zamanda, müxtəlif ixtisaslı həkimlərin cəlb olunduğu səyyar həkim briqadası ucqar kəndlərdə yaşayan və xəstəxanalara getmək imkanı olmayan sakinləri evlərində müayinə edib. Tibbi müayinələrə rayonun 54 yaşayış məntəqəsinin əhalisi cəlb olunub.
Tibbi müayinədən keçənlərin 1758 nəfərinə ambulator müalicə təyin edilib, 465 nəfər stasionar müalicəyə cəlb olunub, 89 nəfərin üzərində cərrahiyyə əməliyyatı aparılıb. Daha ciddi müayinə və müalicəyə ehtiyacı olan 168 nəfər Bakı şəhərinin ixtisaslaşdırılmış tibb müəssisələrinə göndərilib.
Müayinədən keçən insanlar onlar üçün yaradılmış şəraitə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.