REGİONLAR
Balakən rayonunun təsərrüfatlarında tütün əkininə başlanılıb
Balakən, 16 aprel, Mustafa Dadaşov, AZƏRTAC
Balakən rayonunun təsərrüfatlarında istixana şəraitində yetişdirilmiş tütün şitillərinin sahələrə köçürülməsi prosesinə başlanılıb. Mövsümün ilk günündə fermerlər Gərəkli və Hənifə kəndlərində 3,2 hektar sahəyə yerli “İmmuniy” növlü tütün şitilləri köçürüblər.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Balakən Rayon İcra Hakimiyyəti aparatının sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Turan Dibirov məlumat verib.
Qurum rəsmisinin sözlərinə görə, builki mövsümdə rayonun təsərrüfatlarında 300 hektarda tütün əkini nəzərdə tutulur. Balakənli fermerlər cari ildə 268 hektar sahədə “Virciniya botaniki”, 32 hektarda isə yerli “İmmuniy” növlü tütün yetişdirəcəklər.
Xatırladaq ki, ötənilki mövsümdə balakənli fermerlər 425 hektar sahədən 786 ton quru tütün əldə ediblər. Tütün istehsalı əvvəlki illə müqayisədə 273,7 ton artıb.