REGİONLAR


Balakən ziyalısı: Qarabağımızın azad edilməsi qəhrəman əsgər və zabitlərimizin böyük rəşadətinin təntənəsidir

Balakən, 18 noyabr, Mustafa Dadaşov, AZƏRTAC

Ermənistan üzərindəki tarixi qələbəmizin rəhni xalqın dövlət başçısına, Müzəffər Ali Baş Komandanımızın uzun illər ərzində formalaşdırdığı rəşadətli ordumuza olan inamı, etimadı idi. Hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələri darmadağın etdi. Bu müharibədə dünya ictimaiyyəti daha bir yeniliyin şahidi oldu. Azərbaycan hərb tarixinə yenilik kimi düşən strategiya tətbiq edərək, ən müasir silahlardan istifadə etməklə, eyni zamanda, minimal itkilər verərək, qısa müddət ərzində düşmənin bütün hərbi texnikasını məhv etdi, canlı qüvvəsinə ciddi zərbə vurdu.

Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Balakən ziyalısı, Əməkdar müəllim Cavanşir Alqayev söyləyib.

Prezident İlham Əliyevin imza atdığı bəyanatın son 5 əsrlik tariximizin ən qüdrətli hərbi qələbəsinə məntiqi sonluq verən zəfər manifesti olduğunu vurğulayan təhsil işçisi deyib: “Azərbaycan Ordusu Qarabağda sülhə məcburetmə əməliyyatına başlayarkən Müzəffər Ali Baş Komandanımızın savaşın dayanması üçün irəli sürdüyü şərtlər bu bəyanat vasitəsilə artıqlaması ilə - maksimum təmin edilib. Prezidentimizin komandanlığı ilə başlayan zəfər yürüşü nəticəsində 44 gün ərzində 300-dən artıq yaşayış məntəqəsi düşməndən azad edilib. Hər bir kəndin, qəsəbənin, şəhərin düşməndən təmizlənməsi ayrılıqda düzgün və güclü hərbi planın uğurlu gedişinin təzahürüdür. Hər bir yaşayış məntəqəsinin azadlığı qəhrəman əsgər və zabitlərimizin böyük rəşadətinin təntənəsidir. Bu silsilədə Şuşanın azad edilməsi xüsusi fərqlənir”.

Rayon ziyalısı bildirib ki, tarixə həm də ikinci Qarabağ müharibəsi kimi düşən 44 günlük savaş, Şuşanın azad edilməsi dövlət bayramları günü ərəfəsinə təsadüf edərək, onları daha da şərtləndirib. Qarabağın qəlbi Şuşada Azərbaycan bayrağının ucaldılmasından bir gün sonraya təsadüf edən Dövlət Bayrağı Günü tariximizdə görünməmiş dərəcədə coşqu ilə qeyd olunub.

Cavanşir Alqayev deyib: “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun bu tarixi qələbəsi bizim haqqımızda uydurulmuş məğlub xalq sindromunu birdəfəlik sındırdı və inamımızı özümüzə qaytardı. Bütün dünya gördü ki, Azərbaycan xalqı heç vaxt məğlubiyyətlə barışmayacaq və gec-tez öz amalına qovuşacaq. Qovuşdu da”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.