REGİONLAR
Balakəndə 11,8 min hektardan çox sahədə yazlıq bitkilər əkilib
Balakən, 9 iyun, Mustafa Dadaşov, AZƏRTAC
Balakən rayonunun təsərrüfatlarında tütün istisna olmaqla, yazlıq bitkilərin əkini başa çatıb. Torpaq mülkiyyətçiləri indiyədək 11 min 809 hektar sahədə yazlıq əkin həyata keçiriblər.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Balakən Rayon Statistika İdarəsindən məlumat verilib.
Bildirilib ki, məhsul istehsalçıları bu il 7667 hektar sahədə dən üçün qarğıdalı, 2037 hektarda tərəvəz, 618 hektarda kartof, 360 hektarda bostan bitkiləri, 181 hektarda lobya əkib, 2097 hektara çoxillik yonca səpiblər. Rayonda tütün əkini də yekunlaşmaq üzrədir. Torpaq mülkiyyətçiləri indiyədək 95 hektar sahəyə tütün şitilləri köçürüblər.
Qurumdan verilən məlumata görə, hazırda təsərrüfatlarda kartof və tərəvəz yığımı davam edir. İndiyədək tərəvəz əkilmiş sahələrin 755,4 hektarının məhsulu yığılıb, 11 min 901 ton tərəvəz istehsal olunub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 421 ton çoxdur. Eyni zamanda, torpaq mülkiyyətçiləri indiyədək yığım aparılmış 135 hektar kartof sahəsindən 1314 ton məhsul götürüblər. Hər hektardan orta məhsuldarlıq 96,6 sentner təşkil edir.