REGİONLAR
Balakəndə 2 min hektaradək sahədə tərəvəz əkini proqnozlaşdırılır
Balakən, 17 mart, Mustafa Dadaşov, AZƏRTAC
Tərəvəzçilik Balakən rayonunda kənd əhalisinin əsas gəlir mənbələrindən biri hesab olunur. Cari təsərrüfat ilində rayonda 2 min hektaradək sahədə tərəvəz əkini proqnozlaşdırılır. Məhsul istehsalçıları əvvəlki illərdə olduğu kimi, yenə də faraş tərəvəz əkininə, əsasən də faraş xiyar yetişdirilməsinə böyük maraq göstərirlər. Hazırda rayonun əksər kəndlərində istixana şəraitində faraş tərəvəz yetişdirilir. Torpaq mülkiyyətçiləri aprelin ortalarından başlayaraq bazara ilk məhsullarını çıxaracaqlar.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Balakən Dövlət Aqrar İnkişaf Mərkəzindən məlumat verilib.
Ötən il balakənli fermerlər 2008 hektar tərəvəz sahəsindən 29 min 55 ton məhsul əldə ediblər. Hər hektardan orta hesabla 144,7 sentner məhsul götürülüb. Tərəvəz istehsalı əvvəlki illə müqayisədə 1,1 min ton artıb.