REGİONLAR
Balakəndə “İlin könüllüsü” seçilib
Balakən, 7 dekabr, Mustafa Dadaşov, AZƏRTAC
Balakən Rayon Gənclər və İdman İdarəsinin “Beynəlxalq Könüllülər Günü” münasibətilə təşkil etdiyi “İlin könüllüsü” müsabiqəsinə yekun vurulub.
İdarədən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, müsabiqə qaliblərinin mükafatlandırılması münasibətilə keçirilən tədbirin iştirakçıları əvvəlcə fəal yeniyetmə Maqomed Baydarovun çəkdiyi rəsm əsərlərindən ibarət sərgi ilə tanış olublar.
Tədbirdə YAP Balakən rayon təşkilatı Gənclər Birliyinin sədri Sərxan Hacıyev, rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Nurlan Şibliyev və “Gənclər evi” sosial xidmət müəssisəsinin direktoru Tale Şahverdiyev çıxış edərək, 2018-ci ildə rayonda keçirilən mədəni-kütləvi tədbirlər və idman yarışlarında könüllülərin fəaliyyəti barədə geniş məlumat veriblər. Diqqətə çatdırılıb ki, “İlin könüllüsü” müsabiqəsində iştirak edən gənclərin fəaliyyəti 10 meyar üzrə (intizamlılıq, təmsilçilik, təşəbbüskarlıq və s.) qiymətləndirilib. Müsabiqənin yekunlarına əsasən, il ərzində keçirilən tədbirlərdə fəal iştirakına görə Azərbaycan Skautlar Assosiasiyasının üzvü Leyla Hacıyeva, “Regional İnkişaf” İctimai Birliyinin könüllüsü Pərvanə Qurbanova, rayon Gənclər və İdman İdarəsinin könüllüsü Cavid İbrahimov və Balakən Aktiv Gənclər Klubunun üzvü Gülzar Həbibova 1-ci dərəcəli sertifikata layiq görülüblər. Müsabiqədə fərqlənən digər iştirakçılar 2-ci və 3-cü dərəcəli sertifikatlarla təltif olunublar.