REGİONLAR
Balakəndə “Vətən bizi səsləyir” mövzusunda videokonfrans keçirilib
Balakən, 30 iyul, Mustafa Dadaşov, AZƏRTAC
Gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması ölkədə reallaşdırılan gənclər siyasətinin başlıca istiqamətlərindən birini təşkil edir. Azərbaycanın müharibə vəziyyətində olması, torpaqlarımızın 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi yeniyetmə və gənclər arasında vətənpərvərlik tərbiyəsi işinin daha da gücləndirilməsini zəruri edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Balakən Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə iyulun 30-da keçirilən “Vətən bizi səsləyir” mövzusunda onlayn videokonfransda ifadə olunub.
Konfransda idarənin rəisi Rasim Paçalov, rayon icra hakimiyyətinin əməkdaşı Fariz Nəcəfov, tədbirin qonaqları – YAP Şamaxı rayon təşkilatı gənclər birliyinin sədri Nuranə Məmmədova, Göyçay rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Nuranə Əzizli, həmçinin Balakən rayonunun fəal gəncləri çıxış edərək, ölkəmizdə gənclərin hərtərəfli inkişafı üçün əlverişli şərait və möhkəm hüquqi bazanın yaradıldığını, Azərbaycan gənclərinin cəmiyyətimizin ən fəal qurucularına çevrildiyini diqqətə çatdırıblar. Vurğulanıb ki, Vətənimizin tərəqqisi naminə var qüvvə ilə çalışan Azərbaycan gəncliyi bu gün işğal altında olan torpaqlarımızı mənfur düşməndən azad etmək üçün hər an döyüşə atılmaq əzmindədir. Son günlər minlərlə gəncin könüllü surətdə müharibədə iştirak etmək üçün müraciət etməsi, qeydiyyata alınması buna bariz nümunədir.