REGİONLAR
Balakəndə gənclər Vətən Müharibəsi Qəhrəmanı ilə görüşüblər
Balakən, 25 fevral, Mustafa Dadaşov, AZƏRTAC
Balakən rayonunda Vətən müharibəsi iştirakçıları ilə gənclərin görüşü olub.
YAP Balakən rayon təşkilatı Gənclər Birliyinin, rayon Gənclər və İdman İdarəsi və “Gənclər evi” sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə keçirilən görüşdə ərazi bütövlüyümüzün bərpa edilməsində xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsinə görə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülən kapitan Hudulov Ramazan İzzət oğlu, fəal gənclər iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, görüşün əvvəlində torpaqlarımızın erməni işğalçılarından azad edilməsi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən oğullarının, həmçinin Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Vətən Müharibəsi Qəhrəmanı Ramazan Hudulov cəbhə təəssüratlarından, əsgər və zabitlərimizin keçdiyi şərəfli döyüş yolundan söz açıb.
Rayon icra hakimiyyəti aparatında müdir müavini Turan Dibirov, rayon Gənclər və İdman İdarəsinin rəisi Rasim Paçalov, “Gənclər evi”nin direktoru Tale Şahverdiyev çıxış edərək, 44 günlük Vətən müharibəsi dövründə xalqımızın vətənpərvərliyindən, gənclərin ön və arxa cəbhədəki birlik və fədakarlığından ətraflı bəhs ediblər. Çıxışlarda Böyük Qayıdış planına gənclərin hər cür dəstək vermələrinin vacibliyi xüsusi vurğulanıb.