REGİONLAR
Balakəndə indiyədək 29,3 min tondan çox tərəvəz yığılıb
Balakən, 7 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC
Bu il Balakən rayonunun torpaq mülkiyyətçiləri 2037 hektar sahədə tərəvəz bitkiləri yetişdiriblər. Hazırda təsərrüfatlarda tərəvəz yığımı davam edir. İndiyədək 1868 hektar sahənin məhsulu yığılıb, 29 min 388 ton tərəvəz istehsal olunub. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 min 976 ton çoxdur. Hər hektardan orta məhsuldarlıq 157,3 sentner təşkil edir.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Balakən Rayon Statistika İdarəsindən məlumat verilib.
Bildirilib ki, mövsümün əvvəlindən indiyədək rayonda 12 min 672 ton xiyar, 6 min 465 ton pomidor, 3 min 265 ton yaşıl lobya, 1298 ton bibər, 1229 ton badımcan, 1227 ton kələm, 1212 ton baş soğan, 896 ton sarımsaq və digər tərəvəz məhsulları istehsal edilib.
Təsərrüfatlarda kartof və bostan bitkilərinin yığımı isə başa çatıb. Torpaq mülkiyyətçiləri bu il sahələrdən 6065 ton kartof, 4348 ton bostan məhsulları yığıblar. Məhsul istehsalı əvvəlki illə müqayisədə artıb.