REGİONLAR


Balakəndə indiyədək 430,5 ton quru tütün istehsal olunub

Balakən, 14 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC

Bu il Balakən rayonunun təsərrüfatlarında 425 hektar sahədə tütün əkilib. Balakənli fermerlər cari mövsümdə 361,5 hektar sahədə “Virciniya botaniki”, 3 hektarda “Berley ətirli” və 60,5 hektarda yerli “İmmuniy” növlü tütün sortları yetişdiriblər. Hazırda təsərrüfatlarda tütün yığımı davam edir. Mövsümün əvvəlindən bu günədək rayonda 430,5 ton quru tütün istehsal olunub.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Balakən Rayon İcra Hakimiyyəti aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Turan Dibirov məlumat verib.

Qurum rəsmisinin sözlərinə görə, sahələrdən yığılan “Virciniya botaniki” növlü yaş tütün qurudulmaq üçün “Azərtütün ASK” MMC-nin rayonda fəaliyyət göstərən tütün istehsalı və emalı məntəqəsinə gətirilərək qurutma kameralarına yerləşdirilir. Yerli sort yaş tütün yarpağı isə istehsalçıların özləri tərəfindən ipə düzülərək qurudulur.

Bildirilib ki, tütün istehsalçıları tərəfindən indiyədək emal məntəqəsinə qurudulmaq üçün 2145 ton “Virciniya botaniki” növlü yaş tütün təhvil verilib və ondan 278,5 ton quru tütün əldə olunub. Hazırda kameralarda yaş tütünün qurudulması prosesi davam edir. Bundan əlavə, indiyədək balakənli fermerlər tərəfindən “Azəri Korporasiyası”na 120 ton “Virciniya botaniki” və 24 ton yerli “İmmuniy” növlü, həmçinin “İlham M” MMC-yə 8 ton yerli növ quru tütün təhvil verilib.

Qurum rəsmisi deyib ki, cari ildə rayonda quru tütün istehsalının 595-600 tona çatacağı proqnozlaşdırılır. Tütün əkini sahələrinin ötən ilə nisbətən azalmasına baxmayaraq, məhsuldarlığın artması, ilk növbədə, münbit torpaqların tütün əkininə cəlb edilməsi, həmçinin aqrotexniki qulluq işlərinin vaxtında və düzgün yerinə yetirilməsi nəticəsində mümkün olur.

Xatırladaq ki, ötənilki mövsümdə balakənli fermerlər 450 hektar sahədə tütün əkib, 512,3 ton quru tütün istehsal ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.