REGİONLAR
Balakəndə indiyədək əhalinin 94 faizi siyahıya alınıb
Balakən, 9 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC
Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanına əsasən, oktyabrın 1-də startı verilən əhalinin növbəti siyahıyaalınması Balakən rayonunda da yekunlaşmaq üzrədir. Tədbirin əvvəlindən indiyədək rayon əhalisinin 94 faizi siyahıya alınıb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Balakən rayon Statistika İdarəsinin rəisi Fərhad Xəlilov məlumat verib.
İdarə rəisi bildirib ki, əhalinin siyahıyaalınmasının keçirilməsi üçün rayon ərazisində 7 siyahıyaalma və 65 təlimatçı-nəzarətçi məntəqəsi yaradılıb. Əhalinin siyahıyaalınması 327 sayıcının köməyi ilə həyata keçirilir və rayonun 1 şəhər, 1 qəsəbə və 18 kənd inzibati ərazi dairəsini əhatə edir. Rayon əhalisi bu mühüm dövlət tədbirində fəallıq nümayiş etdirirlər.
Fərhad Xəlilov deyib ki, dünya praktikasında hər bir ölkədə əhalinin sayı, sosial-demoqrafik strukturu haqqında əsas informasiya mənbəyi kimi həmin ölkədə aparılan siyahıyaalma məlumatları əsas götürülür. Ölkəmizdə də əhali, onun tərkibi, həyat şəraiti, sosial-demoqrafik vəziyyəti haqqında dəqiq məlumat əhalinin siyahıyaalınması əsasında əldə edilir. Siyahıyaalmanın nəticələri ölkəmizin dövlət orqanları üçün məlumat mənbəyi olmaqla yanaşı, növbəti 10 il ərzində sosial-iqtisadi proqnozların verilməsi üçün də baza rolunu oynayacaq.