CƏMİYYƏT
Balakəndə karantin qaydalarına əməl etməyən şəxslərə qarşı reyd keçirilib VİDEO
Bakı, 25 noyabr, AZƏRTAC
Balakən Rayon Polis Şöbəsinin əməkdaşları koronavirus infeksiyasının yayılmasının, onun törədə biləcəyi ağır fəsadların qarşısının alınması məqsədilə rayon ərazisində mütəmadi tədbirlər həyata keçirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildiriblər ki, polis əməkdaşları qapalı yerlərdə, ictimai nəqliyyatda, mağazalarda və açıq ictimai məkanlarda sakinlər arasında maarifləndirici söhbətlər aparır, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadənin, sosial məsafənin qorunmasının zəruriliyi barədə tövsiyələr verirlər.
Reydlər zamanı mağazalara tibbi maskasız daxil olan alıcılar polis əməkdaşları tərəfindən müəyyən edilərək qanunvericiliyə uyğun şəkildə cərimələniblər. Sahibkarlar, eləcə də alıcıların diqqətinə sanitar-karantin qaydalarına ciddi əməl etməklə fəaliyyət göstərmələrinin vacibliyi çatdırılıb. Açıq ictimai məkanlarda da bəzi şəxslərin tənəffüs yollarını qoruyan fərdi vasitələrdən tələb olunan normalara uyğun şəkildə istifadə etmədikləri aşkarlanıb. Onların da barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə protokolu tərtib olunub.
Həmçinin rayon ərazisində müəyyən edilmiş qrafikə əsasən dezinfeksiya tədbirləri həyata keçirilir.