CƏMİYYƏT
Balakəndə metamfetamin və heroin satan şəxslər saxlanılıb VİDEO
Bakı, 16 iyul, AZƏRTAC
Balakən Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi, alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı uğurlu əməliyyat tədbirləri həyata keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildiriblər ki, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı psixotrop maddələrin satışında şübhəli bilinən rayonun Qullar kənd sakini Vasif Məmmədov saxlanılıb. Axtarış zamanı ondan satmaq məqsədilə əldə etdiyi “patı” kimi tanınan külli miqdarda metamfetamin aşkarlanaraq maddi sübut kimi götürülüb.
Digər bir əməliyyat zamanı isə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini İsrafil Əliyev saxlanılıb. Axtarış zamanı onda heroin aşkarlanıb.
Faktlarla bağlı Balakən Rayon Polis Şöbəsində araşdırmalar aparılır, əməliyyat-istintaq tədbirləri davam etdirilir.