Balakəndə onlayn şahmat turnirinin qalibləri müəyyənləşib
AzerTAg.az
Balakən, 29 noyabr, Mustafa Dadaşov, AZƏRTAC
Balakəndə İkinci Qarabağ müharibəsində erməni işğalçıları üzərində qazanılan tarixi Qələbəyə həsr olunan “Qarabağ Azərbaycandır!” devizi altında onlayn şahmat turnirinə yekun vurulub. Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən blits-turnirdə “Balakən chess” klubunun üzvləri olan 16 oğlan və qız şahmatçı mübarizə aparıb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Balakən rayon Uşaq-Gənclər İdman Şahmat Məktəbinin direktor müavini Vaqif Ocaqverdiyev məlumat verib.
Yekun nəticələrə əsasən, oğlanların yarışında Bakı şahmatçısı Orxan Bağırov fərqlənərək turnirin qalibi adını qazanıb. Balakən şahmatçıları Şəmsəddin Mehdiyev və Ömər Həsənov turniri ikinci, Yusif Hacıyev isə üçüncü pillədə başa vurublar.
Qızların yarışı isə Samux rayonunu təmsil edən Aytac Məmmədovanın qələbəsi ilə başa çatıb. Balakən şahmatçısı Fatimə Abdullayeva ikinci, Rusiya Federasiyasının Engels şəhərindən olan Təranə Padarova və yerli şahmatçı Gülşən Şabanova isə üçüncü yerləri tutublar.


Xəbərin mətnində orfoqrafik səhv var