CƏMİYYƏT


Balakəndə polis gənclərlə görüşüb

Bakı, 8 noyabr, AZƏRTAC 

Balakən Rayon Polis Şöbəsinin (RPŞ) təşkilatçılığı ilə şəhər 2 saylı tam orta məktəbdə “Narkomaniyaya yox deyək!”, “Erkən nikah və onun fəsadları” və “Dini radikalizmə qarşı mübarizə” mövzularında görüş keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, tədbirdə polis əməkdaşları ilə yanaşı, rayon ağsaqqallar şurasının sədri, Təhsil Şöbəsinin işçiləri, eləcə də məktəbin müəllim və yuxarı sinif şagirdləri iştirak ediblər.

RPŞ-nin rəisi, polis polkovniki Elnur Həsənov tədbirdə çıxış edərək “əsrin bəlası”na çevrilmiş narkomaniyanın bu gün bəşəriyyəti narahat edən ən qlobal problemlərdən olduğunu bildirib. O, narkotiklərin qanunsuz dövriyyəsinin cəmiyyətə və insanların sağlamlığına vurduğu zərərdən ətraflı bəhs edib, bu istiqamətdə hüquq-mühafizə orqanlarının, o cümlədən polisin apardığı qətiyyətli mübarizə barədə tədbir iştirakçılarını məlumatlandırıb.

Dini radikalizmin fəsadlarından söz açan E.Həsənov ölkəmizdə dövlət-din münasibətlərinin tənzimlənməsi istiqamətində görülən işlərdən danışıb, dini radikalizm, onun fəsadları və qarşısının alınması, cəmiyyətə vuracağı zərər barədə ətraflı məlumat verib, bu mübarizədə cəmiyyətin dəstəyinin vacib rol oynadığını qeyd edib. İslamın mədəniyyətimiz, milli dəyərlərimizlə sıx bağlı olduğunu bildirən şöbə rəisi bu gün hər bir Azərbaycan vətəndaşının, xüsusilə də yeniyetmə və gənclərin üzərinə dinimizi, milli-mənəvi dəyərlərimizi düzgün təbliğ etmək kimi məsuliyyətli vəzifənin düşdüyünü deyib.

Tədbirdə digər çıxış edənlər erkən nikahın fəsadlarından danışıb, gənc ailələrin sağlam təməllər üzərində qurulması üçün valideynlərin bu məsələyə daha ciddi yanaşmalarının vacibliyini bildiriblər.

Sonda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.