REGİONLAR
Balakəndə qarğıdalı sahələrində orta məhsuldarlıq 60 sentnerdən yüksəkdir
Balakən, 26 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC
Balakənli fermerlər bu il 7040 hektar sahədə qarğıdalı yetişdiriblər. Hazırda təsərrüfatlarda qarğıdalı yığımının qızğın çağıdır. İndiyədək 1575 hektar sahənin məhsulu yığılıb, 9,5 min tona yaxın dən qarğıdalı istehsal olunub. Hər hektardan orta məhsuldarlıq 60 sentnerdən yüksəkdir. Hektarın məhsuldarlığı ötən illə müqayisədə 10 sentnerdən çox artıb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə rayon icra hakimiyyəti aparatının şöbə müdirinin müavini Turan Dibirov məlumat verib.
Rayonun Talalar kəndindən olan fermer Nüsrət Əsgərov uzun illərdir ki, qarğıdalıçılıqla məşğul olur. Fermer bu il təsərrüfatında 80 hektar sahədə qarğıdalı əkib. Dövlətimiz tərəfindən torpaq mülkiyyətçilərinə göstərilən yardımlardan yetərincə bəhrələnən fermer əkin sahələrinə yüksək aqrotexniki qulluq göstərib, nəticədə təsərrüfatında bol məhsul yetişib.
Təsərrüfat rəhbəri bildirib ki, bu il qarğıdalı sahəsindən 350 tonadək məhsul gözləyir. İndiyədək 30 hektar sahənin məhsulu yığılıb.
Fermer Nüsrət Əsgərov son illər tütün əkininə də maraq göstərir. O, bu il 7 hektar sahədə “Virciniya” növlü ətirli tütün yetişdirib. Balakənli fermer indiyədək emal məntəqəsinə 65 ton yaşıl tütün kütləsi təhvil verib.