REGİONLAR


Balakəndə yaş barama istehsalı 2,7 dəfə artıb

Balakən, 18 iyul, Mustafa Dadaşov, AZƏRTAC

Builki mövsümdə Balakən rayonunun kümçüləri 30 tona yaxın yaş barama istehsal edərək “Azəripək” MMC-yə təhvil veriblər. Proqnoz-tapşırığa 130 faiz əməl edilib. Yaş barama istehsalı əvvəlki illə müqayisədə 2,7 dəfə artıb. Baramaçılığın yem bazasının möhkəmləndirilməsi məqsədilə cari mövsümdə rayon ərazisində 8 min ədəd tut tingi əkilməklə son illərdə əkilən tinglərin ümumi sayı 239,5 minə çatdırılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu faktlar 2018-ci ilin birinci yarısının yekunları ilə əlaqədar iyulun 18-də Balakəndə keçirilən yığıncaqda səsləndirilib.

Rayon icra hakimiyyəti başçısının hesabat məruzəsində bildirilib ki, cari mövsümdə rayonun təsərrüfatlarında 535 hektar sahədə “Virciniya” növlü ətirli, “Berley” və yerli tütün sortları əkilib. Artıq təsərrüfatlarda tütün yığımına başlanılıb. İndiyədək 300 ton “Virciniya” növlü yaşıl tütün kütləsi yığılaraq emal müəssisəsinə təhvil verilib. Eyni zamanda, 11 ton quru tütün istehsal olunub.

Ənənəvi sahələrdən olan fındıqçılığın inkişaf etdirilməsi məqsədilə cari ilin yaz aylarında rayon ərazisində 700 hektar sahədə yeni fındıq bağları salınıb. Payız mövsümündə daha 1000 hektar sahədə yeni bağların salınması nəzərdə tutulur.

Rayonda meyvəçiliyin inkişaf etdirilməsi üçün əlverişli şəraitin olduğu nəzərə alınaraq, hesabat dövründə bu sahə diqqət mərkəzində saxlanılıb. Katex kəndində fəaliyyət göstərən “Balxurma” müəssisəsi son 6 ayda 45 ton qurudulmuş xurmanın xarici bazarlarda satışını təşkil edib.

Diqqətə çatdırılıb ki, bu ilin birinci yarısında rayonda 11 min 935 hektar sahədə yazlıq bitkilər əkilib. Cari ilin məhsulu üçün payızlıq taxıl əkilmiş 1716 hektar sahəyə aqrotexniki qulluq göstərilib. Hazırda təsərrüfatlarda taxıl biçini başa çatmaq üzrədir.

Bildirilib ki, hesabat dövründə Balakən 2 saylı regional “ABAD” Mərkəzi ilə əməkdaşlıq edən ailələrin sayı artırılaraq 22-yə çatdırılıb. Ailələrin 12-si qida məhsulları istehsalı, 10-u isə dekorativ-tətbiqi xalq sənətkarlığı sahəsində fəaliyyət göstərir. Ötən müddətdə balakənli “ABAD”çılar tərəfindən 3 növ pendir, 2 növ kolbasa və 26 növ mürəbbə-cem məhsullarının istehsalı təşkil edilərək Bakı şəhərinin iri ticarət şəbəkələrində satışa çıxarılıb.

Birinci yarımillikdə Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən, 9 min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən 25 kilometr uzunluğunda Balakən-Hənifə-Gülüzanbinə avtomobil yolunun tikintisinə başlanılıb. Şərif kəndində inşa edilən 360 şagird yerlik yeni məktəb binasının tikintisi başa çatdırılıb.

Yığıncaqda, həmçinin 2018-ci ilin birinci yarısında əhalinin elektrik enerjisi, təbii qaz, içməli su və digər xidmətlərlə təminatının yaxşılaşdırılması sahəsində görülən işlərdən və qarşıda duran vəzifələrdən geniş bəhs edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.