CƏMİYYƏT
Balakəndə yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi barədə cinayət işi başlanıb
Bakı, 1 dekabr, AZƏRTAC
Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildiriblər ki, COVID-19 testinin nəticəsi pozitiv çıxan şəhər sakini Elmin Qantayevə ev şəraitində müalicə təyin olunub və karantin qaydalarına riayət etməsi tapşırılıb. Ancaq koronavirus daşıyıcısı olan E.Qantayev qaydaları kobud şəkildə pozaraq ictimaiyyət arasına çıxıb və virusun daha çox yayılmasına şərait yaradıb. O, idarə etdiyi avtomobillə şəhər ərazisində hərəkətdə olan zaman polis əməkdaşları tərəfindən saxlanılıb. E.Qantayev müəyyənləşdirilmiş tibbi prosedurlar da gözlənilməklə koronavirus xəstələrinin müalicə aldığı xəstəxanaya yerləşdirilib.
Onun barəsində Balakən Rayon Polis Şöbəsinin istintaq bölməsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə cinayət işi başlanıb.