REGİONLAR
Balakəndə yazlıq bitkilərin əkin sahəsi 151 hektar artıb
Balakən, 5 iyun, Mustafa Dadaşov, AZƏRTAC
Balakən rayonunun təsərrüfatlarında yazlıq bitkilərin əkini başa çatıb. Torpaq mülkiyyətçiləri bu il 12 min 162,1 hektar sahədə yazlıq bitkilər əkiblər. Bu, ötən illə müqayisədə 151,1 hektar çoxdur.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Balakən Rayon Statistika İdarəsindən məlumat verilib.
Qurumdan bildirilib ki, son illər balakənli fermerlərin qarğıdalı əkininə marağı xeyli artıb. Belə ki, cari ildə təsərrüfatlarda qarğıdalı bitkisinin əkin sahəsi ötən illə müqayisədə 302 hektar artırılaraq 7 min 515 hektara çatdırılıb. Çoxillik yoncanın əkin sahəsi də əvvəlki ilə nisbətən 300 hektardan çox artırılaraq 1176 hektar olub. Bundan əlavə, məhsul istehsalçıları cari təsərrüfat ilində 607 hektarda kartof, 1943 hektarda tərəvəz, 341 hektarda bostan bitkiləri, 166 hektarda lobya, 414 hektarda tütün əkiblər.