REGİONLAR
Balakəndəki Nəsimi adına məktəbin kollektivi şairin xatirəsinə həsr olunan ağacəkmə təşəbbüsünə fəallıqla qoşulacaq
Balakən, 18 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın dahi şair və mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə ölkəmizdə 650 min ağacın əkilməsi ilə bağlı irəli sürdüyü təşəbbüs şairin adını daşıyan məktəbin kollektivi olaraq, bizim də ürəyimizcədir və bu aksiyada böyük ruh yüksəkliyi ilə iştirak edəcəyik.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Balakən şəhər Nəsimi adına 2 nömrəli tam orta məktəbin direktoru Samirə Varansova deyib.
Prezident İlham Əliyevin Sərəncamı ilə 2019-cu ilin Azərbaycanda “Nəsimi ili” elan edilməsinin mütəfəkkir şairin zəngin irsinin təbliği baxımından böyük əhəmiyyət daşıdığını vurğulayan məktəb direktoru, dahi şairin yubileyi münasibətilə bu təhsil ocağında silsilə tədbirlərin, siniflərarası bilik yarışlarının, ədəbiyyat gecəsinin keçirildiyini və belə tədbirlərin bu ilin sonunadək davam edəcəyini diqqətə çatdırıb.
Mənəvi bütövlük və kamillik nümunəsi olan İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş tədbirlərin kütləviliyi ilə daha çox diqqət çəkdiyini vurğulayan məktəb direktoru deyib: “Nəsiminin xatirəsinin əbədiləşdirilməsi məqsədilə keçiriləcək genişmiqyaslı ağacəkmə kampaniyası ölkəmizin yaşıllıqlar diyarına çevrilməsinə, ətraf mühitin sağlamlaşdırılmasına çox böyük töhfə olacaq. Məktəbimizin kollektivi də bu nəcib təşəbbüsün reallaşacağı günü böyük səbirsizliklə gözləyir”.