REGİONLAR


Balakənin Gərəkli kəndində 264 şagird yerlik yeni məktəb binası istifadəyə verilib

Balakən, 14 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC

Yeni dərs ili ərəfəsində Balakən rayonunun Gərəkli tam orta məktəbinin müəllim və şagirdləri dəyərli hədiyyə alıblar. Kənd məktəbi üçün Təhsil Nazirliyinin sifarişi ilə inşa edilmiş 264 şagird yerlik yeni tədris binası kollektivin istifadəsinə verilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, sentyabrın 14-də Təhsil Nazirliyinin nümayəndələri və rayon rəhbərliyi yeni məktəb binasında yaradılan şəraitlə tanış olublar.

Bildirilib ki, məktəb binasının tikintisinə 2019-cu ilin dekabrında başlanılıb. Üçmərtəbəli, 264 şagird yerlik yeni məktəb binasında 11 sinif otağı, kimya, fizika və biologiya laboratoriyaları, məktəbəqədər, hərbi hazırlıq, tibb, kompüter, texnologiya otaqları, 72 yerlik akt zalı, yeməkxana, kitabxana, idman zalı yerləşir. Məktəb binasında videomüşahidə, yanğın əleyhinə siqnalizasiya sistemləri quraşdırılıb.

Hazırda məktəbdə 235 şagird var. Yeni dərs ilində 35 uşaq birinci sinfə qədəm qoyacaq. Ötən tədris ilində məktəbi bitirən məzunlardan 3 nəfər ali, 3 nəfər isə orta ixtisas məktəblərinə daxil olub.

Qeyd edək ki, təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə son illər Balakən rayonunda da davamlı tədbirlər həyata keçirilir. Belə ki, ötən dövrdə rayonda 32 yeni məktəb binası tikilib istifadəyə verilib, 3 məktəb əsaslı təmir olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.